Logo

Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

13.04.2023 23:01 292 baxış
IMG

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR), Tusi-Bohm Planetarium və Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) birgə təşkilatçılığı ilə Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib.

Rəsədxanadan "Tehsil.biz"ə verilən məlumata görə, tədbirdə A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin 100-dən çox şagirdi, “Cığır” İctimai birliyindən valideyn himayəsindən məhrum olmuş uşaqlar, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri iştirak edib.

Yığıncağı Tusi-Bohm Planetarimun rəhbəri Famil Mustafa açaraq iştirakçıları salamlayıb, planetariumun yaranma tarixi və fəaliyyəti barədə geniş məlumat verib.

Sonra rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova “Kosmik eranın başlanğıcı” adlı məruzə ilə çıxış edib. Kosmik araşdırmaların, kosmosun ilkin tədqiqindən müasir dövrümüzədək keçdiyi inkişaf yolu haqqında olan çıxışda kosmonavtlar, kosmik uçuşlar və onların elmi nəticəsi haqqında danışılıb. Çıxışın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra ŞAR-ın elmi işçisi Aynur Abdulkərimova kosmik tədqiqatların əhəmiyyəti və gənclərin bu sahəyə yönəlməsinin vacibliyindən danışıb. İnteraktiv formada aparılan bu çıxış zamanı gənclərlə Astronomiya sahəsində karyera imkanları müzakirə edilib, onlara bu sahənin perspektivləri şərh olunub.

Tədbirin sonunda “Kainata doğru” adlı sənədli film nümayiş etdirilib.

Xəbər lenti