Logo

Məktəbəqədər təhsillə bağlı məlumatverici görüş olub

13.04.2023 17:35 255 baxış
IMG

Aprelin 13-də media nümayəndələri üçün məktəbəqədər təhsil mövzusunda məlumatverici görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova çıxış ediblər.

Görüşdə nazirliyin məktəbəqədər təhsil sahəsində fəaliyyət istiqamətləri barədə məlumat verilib. Məktəbəqədər təhsil müəssisələrinin qida təminatı, tikinti-təchizat məsələləri, tərbiyəçi-müəllimlərin işə qəbulu, uşaqların elektron qəbul prosesi və digər məqamlara toxunulub. 

Bildirilib ki, artıq bəzi məktəbəqədər təhsil müəssisələrində isti qidaların paylanması ilə bağlı pilot layihə icra edilir. Bu ilin sonunadək pilot layihənin qiymətləndirilməsi aparılacaq və nəticələrə uyğun addımlar atılacaq. Əlavə edilib ki, gələcəkdə bağçalarda qidaların peşəkar müəssisə tərəfindən hazırlanması təmin olunacaq.

Qeyd edilib ki, bu günədək Elm və Təhsil Nazirliyinin tabeliyindəki 1700-ə yaxın bağçanın monitorinqi aparılıb. 2022-ci ildə 14, 2023-cü ildə isə 18 bağça müdiri işdən azad edilib. Vurğulanıb ki, ötən il müsabiqədən keçən 100-dən çox tərbiyəçi-müəllim işə qəbul olunub. Noyabr-dekabr aylarında isə üç min tərbiyəçi təlimə cəlb edilib. Cari ildə də üç min tərbiyəçinin təlimə cəlb olunması gözlənilir. O da bildirilib ki, tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması üçün normativ sənədin hazırlanması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən iş aparılır.

Görüşdə 2022-ci ilin son rübündə Bakı, Gəncə, Sumqayıt, Abşeron və Göygöldə yerləşən 179 bağçada öyrənmə guşələrinin yaradıldığı da diqqətə çatdırılıb. Adıçəkilən guşələrlə bağlı bağçalardakı tərbiyəçilərə əlavə təlimlərin keçirildiyi və . növbəti ildə də bu təlimlərin davam etdiriləcəyi qeyd olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti