SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Hüseyn Abızadə, İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Vüqar Abduləli "StartUp School" beynəlxalq təlim proqramında iştirak haqqı qazanıblar.
BANM-dən "Tehsil.biz"ə bildirilib ki, bu təlim proqramı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı və ABŞ-nin Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi”nin birgə layihəsidir.
BANM tələbələri və “Alas Academy”nin meneceri Hamed Noorozi birgə hazırladıqları “Abroadventure” adlı startapla proqrama qəbul alıblar.
Komanda 8 ölkədən 200-dən çox müraciət arasından seçilib və proqramda iştirak haqqı qazanan 32 komandadan biridir. Komandanın hazırladığı “Abroadventure” dünyadakı bütün xərcləri qarşılanan könüllülük proqramları təklif edən startap layihəsidir.
”Abroadventure” platforması aprelin 15-i fəaliyyətə başlayacaq.