Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən Məktəbin İnkişaf Planının reallaşdırılması çərçivəsində məktəblərin pedaqoji heyətinin peşəkar inkişafı və səriştəliliyinin artırılması məqsədilə keçirilən metodik görüşlər davam edir.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, Bakıdakı 35, 38, 173, 178 və 227 nömrəli tam orta məktəblərdə təşkil olunan növbəti metodik görüşlər zamanı həm direktor müavinləri, həm də pedaqoji heyətlə bir sıra mövzularla bağlı müzakirələr aparılıb.
Görüşlərdə müəllimlərin tədris prosesində qarşılaşdıqları ümumi problemlərlə yanaşı, diaqnostik qiymətləndirmə, nümunə üzərindən qiymətləndirmə vasitələrinin təhlili, formativ qiymətləndirmə, həmçinin məktəbin idarəetmə heyəti üçün dərsdinləmələrin təşkili və konstruktiv rəyin verilməsi kimi mövzulara dair geniş müzakirələr aparılıb.
Qeyd edək ki, metodik görüşlər müxtəlif fənlər üzrə qruplaşdırılmış şəkildə hər həftə olmaqla təşkil olunur.