Logo

BDU-nun Gənc istedadlar liseyinin şagirdləri ABŞ-da ölkəmizi təmsil edəcəklər

05.03.2021 09:13 808 baxış
IMG

“Sabahın alimləri” X Respublika müsabiqəsinin qalibləri elan olunub. Müsabiqənin final mərhələsində Bakı Dövlət Universitetinin (BDU) nəzdində Gənc istedadlar liseyinin şagirdləri 21 layihə ilə iştirak ediblər. Münsiflər heyətinin qərarı ilə bu layihələrin 12-si qaliblər sırasında yer alıb.

 

Liseyin X sinif şagirdləri Tamilla Süleymanova və Rəfsan Həbibullayevin biologiya istiqamətində “Ximer RNT-lər və zülallar” və X sinif şagirdi Əli Əkbərzadənin kompüter elmləri istiqamətində “Tədrisdə virtual laboratoriyanın yaradlması və onun tətbiqi” adlı layihələri müsabiqədə 1-ci yerə layiq görülüb. Hər iki şagird ABŞ-da keçiriləcək İntel İSEF – Beynəlxalq Mühəndislik Sərgisində Azərbaycanı təmsil edəcəklər.

 

Kimya istiqamətində liseyin X sinif şagirdləri Nəriman Şirinli və Ləman Cəfərlinin “Uranın (VI) neft çıxarılan zaman alınan tullantı sularında qatılaşdırılaraq təyini” layihəsi də müsabiqədə 1-ci yerə layiq görülüb.

 

Riyaziyyat istiqaməti üzrə liseyin IX sinif şagirdi Ayan İsmayılova və Murad Novruzovun “Koingsberq körpülərindən “COVID-19”a gedən yol” layihəsi, IX sinif şagirdi Salman Vahabovun “Новое поколение радиационных детекторов” (“Yeni nəsil radiasiya detektorları”) layihəsi, XI sinif şagirdləri Nigar Abbasova və Fatimə Xəlilovanın “Бактерии - против аллергии” (“Bakteriyalar - allergiyaya qarşı”) layihəsi, X sinif şagirdləri Rəcəb İskəndərli və Fəridə Səfərovanın “Alternativ enerji mənbəyi - hidrogen genarator” layihəsi, XI sinif şagirdi Osman Əliyevin “SevenEight proqramlaşdırma bacarığı olmayan və ya sadəcə alqoritma bacarığı olan insanlar üçün nəzərdə tutulmuş proqramlaşdırma dilidir” layihəsi müsabiqədə 2-ci yerə, X sinif şagirdləri Nərgiz Orucova və Amin Zeynalovun “Yerimə əngəlli insanlar üçün hərəkət və müvazinət sistemi” layihəsi, X sinif şagirdləri Vaqif Məmmədov və Fidan Əhmədovanın “Ultrasəs ilə bitkilərin ekoloji təmiz məhsuldarlığının artırılması” layihəsi, XI sinif şagirdləri Yeganə Abbasova və Ləman Musayevanın “COVID-19 Data Mining” adlı layihələri isə 3-cü yerə layiq görülüb.

 

IX sinif şagirdi Ərhan İbrahimli və Mirəli Ağalarovun “Nanohissəciklərin bioloji molekullarla qarşılıqlı təsir mexanizminin tədqiqi” layihəsi isə müsabiqənin xüsusi mükafatı ilə təltif edilib.

 

Qeyd edək ki, “Sabahın alimləri” respublika müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilir və müsabiqəyə maraq ildən-ilə artır. Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

Xəbər lenti