Logo

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilir

05.04.2023 19:28 365 baxış
IMG

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavriat səviyyəsi üzrə 3 yer ayrılıb.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən abituriyentlər aprelin 6-14-də tələb olunan sənədləri [email protected] ünvanına göndərərək mövzu bölməsində “MDBƏİ” yazmaqla qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər qeyd olunan elektron poçt ünvanına aşağıdakı sənədlərin fotosurətlərini göndərməlidirlər:

1. Şəxsiyyət vəsiqəsi;

2. Cari ildə orta məktəbi bitirən məzunların bitirdiyi məktəbdən yarımillik qiymətləri göstərilən arayış;

3. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədi;

4. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi (oğlanlar);

5. Əlaqə məlumatları.

Müsabiqədə iştirak etmək hüququna orta məktəbin rus bölməsini bitirən, 2023-cü il iyulun 30-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının yarımillik qiymətləri) 4 və 5 olan, II ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin attestatında riyaziyyat, rus dili və xarici dil fənləri, III ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin isə attestatında rus dili və xarici dil fənləri üzrə yarımillik qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Martın 5-də və 12-də keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunduqdan sonra, buraxılış imtahanında topladığı balı DİM tərəfindən müəyyən olunacaq müsabiqə şərtini ödəyən abituriyentlərlə (2022-ci il məzunları – ötənilki nəticə əsasında) onlayn müsahibə keçiriləcək (tarixi barədə məlumat veriləcək). Müsahibədə namizədlərin ümumi dünyagörüşü, Azərbaycan və ingilis dilləri üzrə danışıq bacarıqları yoxlanılacaq.

Abituriyentlər müsabiqədə beynəlxalq münasibətlər, regionşünaslıq, iqtisadiyyat, hüquqşünaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr ixtisaslarından biri üzrə iştirak edə bilərlər. Göstəriciləri ən yüksək olan və onlayn müsahibədən uğurla keçən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.

Xəbər lenti