Aprelin 3-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bolqarıstan Respublikasının universitetlərinə səfəri başlayıb.
BSU-dan "Tehsil.biz"ə bildirilib ki, səfərin məqsədi Bolqarıstan universitetləri ilə əməkdaşlığı genişləndirmək, həmçinin, Azərbaycanda bolqar dilinin və Bolqarıstanda Azərbaycan dilinin tədrisi, öyrənilməsi sahəsində universitetlərarası əlaqələrin genişləndirilməsidir.
Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru, professor Anastas Qercikov ilə görüşdə Anar Nağıyev qeyd edib ki, BSU-da bolqar dili 1996-cı ildən tədris olunur və hazırda iki fakültədə bolqar dilini öyrənən tələbələrin və bolqar dili, mədəniyyəti və tarixi sahəsində tədqiqat aparan doktorant tələbələrin ümumi sayı 60 nəfərdən çoxdur.
Rektor Anar Nağıyev Sofiya Universitetində Şərq Dilləri və Mədəniyyətləri Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə verdiyi dəstəyə görə rektor A.Qercikova təşəkkür edib və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün yeni imkanların olduğunu vurğulayıb. A.Qercikov iki universitet arasında birgə tədqiqat layihələri, tələbə-müəllim mübadiləsi və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təklif və səyləri razılıqla qarşılayıb, reallaşacağına inandığını bildirib.
Görüşdə həmçinin, Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov da iştirak edib.
Səfər çərçivəsində BSU-nun nümayəndə heyəti Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin 10 illik yubileyi münasibəti ilə təşkil olunmuş “Azərbaycan bolqar uşaqlarının gözü ilə” uşaq rəsmləri sərgisində iştirak edib. Daha sonra Sofiya Universitetinin Klassik və Müasir Filologiya fakültəsinin dekanı, professor Madlen Danova, Slavyan filologiyası fakültəsinin dekanı, dosent Boyko Pençev, Şərq Dilləri və Mədəniyyətləri Mərkəzinin direktoru, professor İvo Panov, Türkologiya və Altayşünaslıq kafedrasının müdiri, professor İrina Saryivanova ilə işçi görüşlər keçirilib.
BSU-nun nümayəndə heyətinin iştirakı ilə Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş guşənin açılışı olub. Mərkəzin direktoru Sofiya Şıqayeva-Mitreska qeyd edib ki, bu il müasir Azərbaycan dövlətinin inkişafında və yaradılmasında müstəsna rol oynamış görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur və yubiley münasibətilə universitetdə ilboyu bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Guşənin açılışında çıxış edən Sofiya Universitetinin prorektoru, professor M.Stoyçeva ölkələr arasında təkcə iqtisadi sahədə deyil, həm də təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin təməlinin qoyulmasında Heydər Əliyevin mühüm rolunu qeyd edib. BSU rektoru Anar Nağıyev mərkəzdə tələbələrin qarşısında azərbaycan dilində geniş məruzə ilə çıxış edib. Rektor çıxışında həm Bolqarıstan, həm də Azərbaycanın multikultural dəyərlərə sahib olduğunu vurğulayıb. Hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Qafqaz regionunda ən güclü ölkəsi olan Azərbaycanda etnik qrupların sülh şəraitində və bir-birinə qarşılıqlı hörmət əsasında yaşadığını nəzərə çatdırıb. Azərbyacanın bugünkü-2023-cü ildə gəlib çatdığı uğurların kökündə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin durduğunu deyən A. Nağıyev iştirakçılara Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi haqqında məlumat verib. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda təhsil sisteminin inkişafındakı rolundan, onun uzaqgörən siyasəti nəticəsində ali təhsil müəssisələrinin sayının artmasından, o cümlədən Azərbaycanda bolqar, polyak, çex, ukrayn və s. kimi müxtəlif slavyan dilləri üzrə ixtisaslaşan ilk ali təhsil müəssisəsi olan Bakı Slavyan Universitetinin tarixi və fəaliyyəti barədə danışıb.
Daha sonra nümayəndə heyəti Müqəddəs Kiril və Mefodiy adına Milli Kitabxananı da ziyarət edib. Görüşdə Milli Kitabxananın direktor müavini Vanya Avramova Bolqarıstanın ən böyük kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıqdan və Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ilə həyata keçirdiyi birgə layihələrdən danışıb. Rektor A.Nağıyevin kitabxana ilə daha geniş əməkdaşlıq çərçivəsində birgə onlayn tədbirlərin və sərgilərin təşkili barədə təklifi razılıqla qarşılanıb. Görüşün sonunda A.Nağıyev Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, Azərbaycanın mədəni irsinin formalaşmasında rolundan bəhs edən kitabları Azərbaycan guşəsinə hədiyyə edib.
Qeyd edək ki, BSU-nun nümayəndə heyəti üç günlük səfər müddətində Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universiteti, Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş “Trapezitsa” Memarlıq Muzey-Qoruğu, Paisiy Hilendarskiy adına Plovdiv Universitetində və Bolqarıstan Elmlər Akademiyasında görüşlər keçirəcəkdir.










