Logo

Müəllimlərin məktəbə buraxılmaması məsələsinin təfərrüatları - Direktordan AÇIQLAMA

03.04.2023 12:48 843 baxış
IMG

Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət sosial şəbəkələrdə müəllimlərin təhsil müəssisəsinə buraxılmaması ilə bağlı yayılan görüntülərə münasibət bildirib..

Məsələ ilə bağlı "Tehsil.biz"ə açıqlama verən məktəb direktoru bildirib ki, sözügedən məlumat həqiqəti əks etdirmir.

Direktorun sözlərinə görə, həmin görüntülər 3 nömrəli məktəbin martın 13-də işdən azad edilmiş keçmiş təsərrüfat müdiri İsmət Yusifova tərəfindən martın 28-də səhər çəkilib: "Təəssüf hissi ilə bildirirəm ki, o, işdən azad edildikdən sonrakı iş günlərində davamlı olaraq zorla məktəbə daxil olub. Hər dəfə xəbərdarlıq edilməsinə baxmayaraq məktəb rəhbərliyinə özünə qəsd edəcəyi ilə bağlı hədə gəlib. Bununla bağlı polisə də məlumat vermişik. Lakin məktəbə daxil olub pozucu fəaliyyətlərlə (siqnalizasiya, istilik, işıq sisteminə müdaxilə edir, yerə vedrə ilə su tökür ki, döşəmədə kimsə sürüşüb yıxılsın) məşğul olmasından narahat olduğumuz üçün qapıçıya son dəfə tapşırıq verilib ki, ayın 28-də onun məktəbə daxil olmasına icazə verməsin".

Almaz Həsrət bildirib ki, İ.Yusifova, buna qədər də bir neçə dəfə məhz qapıçını itələyərək zorla məktəbə daxil olub: "Yenə də təəssüf hissi ilə bildirirəm ki, bu şəraitdə məktəbin təşkilatçısı Solmaz Əhmədova içəridən zorla qapını açaraq onu içəri buraxıb. Bu zaman Solmaz Əhmədova bir məktəb işçisinə yaraşmayacaq şəkildə şagirdlərin və müəllimlərin qarşısında haray-qışqırıq salıb, ədəbsizlik edərək məktəbin nüfuzuna zərbə vurub. Bu azmış kimi Solmaz Əhmədova və İsmət Yusifova bütün bu olanları videoya çəkərək sosial mediada paylaşıb. (Üstəlik, Solmaz Əhmədova martın 29-u və 30-u işə gəlməyib, nə üçün gəlməməsi ilə bağlı məktəbə də hər hansı məlumat verməyib.) Bununla da hər iki şəxs məktəblə bağlı xoşagəlməz müzakirələrə səbəb olub".

Almaz Həsrət qeyd edib ki, İsmət Yusifovanın işdən azad edilməsinə səbəb isə nəinki tutduğu vəzifəyə uyğun, ümumiyyətlə adi orta təhsilinin belə olmaması, eyni zamanda işinin öhdəsindən gələ bilməməsi, rəhbərliyin tapşırıqlarını davamlı şəkildə qulaqardına vurması ilə bağlı olub: "Bu şəxsin orta təhsil bir yana, ibtidai təhsil aldığını belə təsdiq edən hər hansı sənədi yoxdur. Ona belə bir sənədi təqdim etməsi üçün aylarla vaxt verilib. Yalan danışaraq bildirib ki, sənədi olub, itirib. Biz də ona dublikat alıb məktəbə təqdim etməsini demişik. Amma bunu edə bilməyib. Çünki ümumiyyətlə məktəb üzü görməyib. Buna baxmayaraq biz ona hətta təhsil səviyyəsinə uyğun iş də təklif etmişik. Amma cavabı bu olub ki, heç kim məni işimdən çıxara bilməz, mən burada əbədi müdir olaraq qalmalıyam. Əlbəttə ki, təhsilsiz bir cahilin dövlətə və qanunlara bu cür meydan oxumasına dözə bilməzdik".

Xatırladaq ki, bir müddət əvvəl İ.Yusifovanın tam orta təhsili olmadan məktəbdə çalışması ilə bağlı məlumat yayılmışdı.

Mərcanə Əsədova

Xəbər lenti