Logo

İxtisası şagird seçməlidir, yoxsa valideyn? - AÇIQLAMA

03.04.2023 11:56 640 baxış
IMG

"Hər bir abituriyent oxumağa illərini sərf etdiyi prosesin sonunda öz arzuladığı ixtisasa sahib olmaq istəyir. Əksər hallarda valideynlər bu prosesə müdaxilə edir, buna imkan vermir. Onlar öz istədikləri ixtisası seçib övladlarını həmin peşənin, ixtisasın sahibi kimi görmək istəyirlər. Valideynlər "adam böyüyün sözünə baxar” məsəli ilə öz uşaqlarına müdaxilə edirlər. Amma düşünmürlər ki, məcburi şəkildə övladlarına nəyisə sevdirmək istəmələri çox pis nəticələr verə bilər. Ən azından arzuladığı ixtisası seçməyən abituriyent gələcəkdə təhsilini yarımçıq saxlaya bilər, hətta istəmədiyi ixtisası bitirdikdən sonra mütəxəssis ola bilməyəcək".

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil eksperti Əli Ələkbərov bildirib.

O qeyd edib ki, əvvəlcə şagird özü üçün peşə müəyyən etməli (8-9-cu siniflərdə), bu peşənin aid oldugu müvafiq ixtisas qrupuna düşən fənnlər   üzrə yetəri qədər çalışmalı (təmayüllü siniflərdə oxumalı), qəbul imtahanında isə biliklərini tam ortaya qoymalıdır:

"Bu zaman valideyn övladına hər bir məsələdə kömək etməli, fikirlərinə hörmətlə yanaşmalı, onun peşə, ixtisas istəyinə qarışmaq yox, düzgün seçim etməkdə ona dəstək olmalıdır. Çünki insanın xoşbəxtliyi əsas iki amildən asılıdır: düzgün peşə seçimi və düzgün ailə həyatı qurmaq. Bir insan ki işə sevinə-sevinə gedir, işdən evinə sevinə-sevinə qayıdırsa, o xoşbəxt insandır".

Ə.Ələkbəriv deyib ki, sovet dönəmində və müstəqilliyin ilk illərində məktəblərdə "Əmək təlimi və peşəyönümünün əsasları” fənni tədris olunurdu:

"Bu fənnin əsas məqsədi məktəblilərə peşəyönümü haqqında, ayrı-ayrı ixtisaslar haqqında məlumatlar vermək idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Əmək və Məşğulluq Mərkəzləri var. Bunların da fəaliyyətinin bir istiqaməti peşəyönümü ilə əlaqədardır. Amma təhsil sistemi ilə əlaqəsiz işləyirlər. Təəssüf ki,  bu gün peşəyönümü problemi ilə rəsmi olaraq maraqlanan yoxdur. Artıq bu məsələ hökumət, dövlət səviyyəsində köklü şəkildə həllini tapmalıdır. Çünki gələcəkdə böyük iqtisadi və sosial fəsadlara səbəb ola bilər. İxtisas seçimi məsələsinə son vaxtlar Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi də artıq öz münasibətlərini bildirirlər. Ancaq bu deyilənlər söz olaraq qalır, praktik işlər az görülür. Ümumi olaraq şagirdin şəxsiyyət kimi formalaşmasında onun fikirlərinə hörmətlə və anlayışla yanaşmaq lazımdır".

Xəbər lenti