SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) "Süni intellekt və maşın öyrənilməsi" təliminə başlanılıb.
BANM-dən "Tehsil.biz"ə bildirilib ki, təlimin ideya müəllifi və təşkilatçısı BANM-in Tələbə Gənclər Təşkilatının (TGT) sədri, Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Aysu Zamanovadır.
Bu layihə Azərbaycan Respublikası Gənclər Fondunun həyata keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi olub.
"Süni intellekt və maşın öyrənilməsi" təlimi üç ay davam edəcək. Kurs müddətində mühazirələr və məşğələ dərsləri həyata keçiriləcək.
Təlimdə Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti və Milli Aviasiya Akademiyasından olan 20-dən çox tələbə iştirak edir.
"Süni intellekt və maşın öyrənilməsi" təliminin məqsədi süni intellekt və maşın öyrənilməsi, eyni zamanda müxtəlif universitetlərdə təhsil alan tələbələrin sosiallaşması, müxtəlif bacarıqlarının inkişaf etdirilməsidir. Kursun müəllimlərindən biri də BANM-in məzunu Elmir Abilovdur.
