Logo

Dilçilik İnstitutunda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

31.03.2023 18:26 189 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda erməni vandalları tərəfindən azərbaycanlılara qarşı törədilmiş 31 Mart soyqırımına həsr olunmuş tədbir keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən institutun baş direktoru, professor Nadir Məmmədli bildirib ki, 1918-ci ilin martında ermənilər Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı aktı törədiblər. Bu acı həqiqət təkcə soydaşlarımızın qətliamı ilə deyil, həm də tarixi ərazilərimizin müəyyən hissəsinin işğalı ilə nəticələnib.

Nadir Məmmədli qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.

Tədbirdə institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, şöbə müdirləri, professorlar İsmayıl Məmmədli, İlhami Cəfərsoy, dosentlər Elçin İsmayılov və Füzuli Mustafayev ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən terror aktları ilə bağlı məlumatların davamlı olaraq gənc nəslə və beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyini vurğulayıblar.

Xəbər lenti