Logo

Magistrantların elmi-nəzəri konfransı keçirilib - FOTOLAR

30.03.2023 11:23 313 baxış
IMG

Martın 29-da Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində magistrantların “Elm Günü”nə həsr olunmuş V elmi-nəzəri konfransı keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

Qeyd olunub ki, konfransda MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Əvvəlcə, Ümummilli Liderimizin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov ulu öndər Heydər Əliyevin elm və təhsilə yüksək diqqət və qayğısından bəhs edib və dahi şəxsiyyətin insan kapitalının inkişafı istiqamətində müəyyən etdiyi siyasətin hazırda yeni keyfiyyət mərhələsində uğurla davam etdirildiyini bildirib. Elmi tədqiqat işlərinin həyata keçirilməsinin magistratura təhsilinin məzmununun əsas tərkib hissələrindən biri olduğunu diqqətə çatdıran rektor son dövrdə magistrantların universitet və respublika miqyasında təşkil olunan elmi tədbirlərə yüksək maraq göstərmələrindən məmnunluğunu ifadə edib və konfransın işinə uğurlar arzulayıb.

Sonra konfransın plenar iclasında magistrantların məruzələri dinlənilib. MDU magistrantlarından Xədicə Abdullayeva “Tarixi şəxsiyyətin öyrənilməsində metodoloji üsullar”, Ülvi Seyidov “Azərbaycanın xarici ticarət siyasəti və onun dünya bazarlarına inteqrasiyasına təsiri”, Habil İsmayılzadə “Yol-nəqliyyat hadisələrinin araşdırılması sahəsində görülən işlər”, Aybəniz Əliyeva “Şəxsiyyətin formalaşmasında Azərbaycan dili dərslərinin rolu”, Xəyal Şükürov “Biznes mühiti və onun yaxşılaşdırılması istiqamətləri”, Sevinc İsmayılova “Türyançay Dövlət Təbiət Qoruğu xüsusi mühafizə olunan təbiət ərazisi kimi”, Rəhimə Rüstəmova “COVİD-19 pandemiyası dövründə tədris prosesində istifadə olunan distant təhsilin xüsusiyyətləri və səmərəlilik dərəcəsi”, Aynurə Məmmədova “Qarabağda qurulmaqda olan “Ağıllı şəhər və kənd”lər” və Abdulla Mahmudov “Robototexnikada tətbiq olunan müasir proqramlaşdırma dillərinin təhlili” mövzularında məruzələrlə çıxış ediblər.

Daha sonra konfrans işini üç bölmədə (Təhsil və humanitar elmlər; İqtisadiyyat elmləri və idarəetmə; Təbiət və texnika elmləri) davam etdirib.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.

Xəbər lenti