Logo

BDU tələbələri tullantıların ətraf mühitə təsiri və alnernativ energinin inkişafına dair tədqiqatlar aparıblar

29.03.2023 17:20 301 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, Fakültənin III kurs tələbəsi Zəhra Məmmədova “İstilik energetikası sənayesində formalaşan tullantıların təsnifatı və ətraf mühitə təsiri” mövzusunda təqdimatla çıxış edib. O, əvvəlcə istilik energetikası, İstilik Elektrik Stansiyalarında (İES) alınan elektrik enerjisinin proqnozlar diaqramı, İES-lərin növləri, ətraf mühitə təsiri, Mingəçevir İES haqqında məlumat verib. Bildirib ki, İES-lər gücünə, alınan  enerjiyə, istifadə olunan turbinlərin, buxar generatorunun tiplərinə, buxarın başlanğıc parametrlərinə, yanacağın növünə və texnoloji sistemə görə ayrılır. İES-lər hidrosfer, atmosfer, litosfer və  ümumilikdə biosferin bütün komponentlərinə təsirlərinə görə fərqlənir. Məruzəçi İES-lərin xarakterik tullantıları və onların zərərsizləşdirilməsinin müasir üsulları haqqında da ətraflı məlumat verib.

Sonra fakültənin IV kurs tələbəsi Arzu İbayeva "Azərbaycanda alternativ enerjinin inkişafı ətraf mühitin mühafizəsi amili kimi" mövzusunda təqdimatla çıxış edib. O qeyd edib ki, ətraf mühitin çirklənməsi təbii yanacaqların istifadəsi ilə bağlıdır. Ona görə də alternativ enerjinin inkişafı bütün dünyada, o cümlədən Azərbaycanda böyük əhəmiyyət kəsb edir. Ölkəmiz alternativ enerji mənbələrinin böyük potensialına malikdir: günəş enerjisi (5000 MVt), külək enerjisi (4500 MVt), geotermal enerji (800 MVt). Hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrinin gücü 17% təşkil edir, 2030-cu ilə qədər isə bu göstərici ən azı 30%-ə çatacaq ki, bu da istixana qazlarının emissiyasını 35%-ə qədər azaldacaq. Bu, Azərbaycanın ekoloji və enerji strategiyasının təntənəsi olacaq.

Sonda digər alternativ enerji mənbələrindən istifadənin perspektivləri əsaslandırılıb və seminar iştirakçılarının sualları cavablandırılıb.

Xəbər lenti