Logo

BDU-da tədbir: “Mart soyqırımı: həyata keçirilmə üsulları, səbəbləri və nəticələri” - FOTO

29.03.2023 15:38 229 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kimya, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin birgə təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirlinin moderatorluğu ilə baş tutan tədbir Dövlət himninin səsləndirilməsi, soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının (Humanitar fakültələr üzrə) dosenti Boran Əziz “Mart soyqırımı: həyata keçirilmə üsulları, səbəbləri və nəticələri” mövzusunda məruzə edib. O bildirib ki, 44 günlük Vətən müharibəsindəki qələbədən sonra mart soyqırımının geniş qeyd edilməsinin xüsusi əhəmiyyəti var. Mart soyqırımına aid arxiv materiallarının, şahid ifadələrinin müqayisəli təhlili göstərir ki, bu soyqırım təsadüfən, bəzi başıpozuq silahlı dəstələrin, irticaçı rus-erməni millətçi qüvvələrinin impulsiv hərəkətlərinin nəticəsi olmayıb, ciddi şəkildə düşünülmüş, əvvəlcədən planlaşdırılmış bəşəri bir cinayətdir.Təhlillər göstərir ki, soyqırımın təşkilatçısı Sovet Rusiyası, Lenin başda olmaqla Rusiya Xalq Komissarları Soveti olub. Onların  əsas məqsədi müstəqilliyimizə mane olmaq, Vətənimizi soyqırımdan əvvəlki illərdəki kimi Rusiyanın daxili quberniyasına, Bakını isə adi rus şəhərlərindən birinə çevirmək idi. Ümumiyyətlə, bu siyasət Rusiyanın Şərq, türk-müsəlman dünyasına qarşı yeritdiyi siyasətin tərkib hissəsi, soyqırımın icraçıları isə burada olan rus əsgərləri ilə yanaşı, erməni hərbi hissələri, ”Daşnaksütyun” partiyası və erməni qriqoryan kilsəsi olub. Ermənilərin məqsədi xalqımızı qırıb məhv etdikdən sonra torpaqlarımıza sahib olmaq, bu ərazilərdə özlərinə dövlət yaratmaqdan ibarət idi. Bu dəhşətli soyqırım aktına yalnız Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib.

Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini Şamo Cəbrayılov çıxışlarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların dünyada tanıdılması istiqamətində aparılan dövlət siyasətindən danışıblar. Onlar ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin martın 31-nin “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsinə dair 1998-ci il 26 mart tarixli Fərmanını, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamını Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addım kimi tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr olunan videoçarx nümayiş olunub, məruzəçi tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti