Logo

AMEA prezidentindən deputatın güllələnməsinə münasibət: "Terror aktını şiddətlə qınayırıq"

29.03.2023 12:25 222 baxış
IMG

"Milli Məclisin deputatı Fazil Mustafa aydın dövlətçilik mövqeyinə malik olan və dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə ürəklə xidmət edən yüksək hazırlıqlı vətənpərvər ziyalıdır. O, müstəqillik dövründə Azərbaycanda yetişib formalaşmış tanınmış ictimai xadimdir".

Tehsil.biz xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib.

İ.Həbibbəyli qeyd edib ki, Fazil Mustafa geniş analitik təfəkkürə malik olan, dünyada və cəmiyyətdə gedən hadisələri bütün dərinliyi ilə qavrayan və təhlil edərək obyektiv nəticələr çıxarmağı, gəldiyi qənaətləri lazımi səviyyədə ictimaiyyətə çatdırmağı bacaran əsl millət vəkilidir:

"Bütün bunlara görə Fazil Mustafaya qarşı atılmış güllə müstəqilliyimizin, Azərbaycanı təmsil etmək səviyyəsində yetişmiş tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin hədəfə alınması deməkdir. Bu, ölkəmizə, inkişafımıza arxadan vurulan zərbədir. Bu, insanlığa qarşı sui-qəsd hadisəsidir. Bütün xalqımız kimi, Azərbaycanın elmi ictimaiyyəti də bu terror hadisəsini qətiyyətlə qınayır.

Heç şübhə yoxdur ki, qüdrətli Azərbaycan dövləti, yüksək hazırlığa malik hüquq-mühafizə orqanlarımız bu terror hadisəsinin icraçısını və sifarişçisini üzə çıxarıb, onlara layiq olduqları cəzanı verəcəklər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında daha da sıx birləşməklə müstəqil dövlətçiliyimizi, ictimai-siyasi sabitliyi qorumaq, ayıq-sayıq olmaq hər bir vətəndaşımızın borcudur. Müstəqilliyimiz müqəddəs və toxunulmazdır".

Qeyd edək ki, ötən gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa güllələnib. Hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb.

Xəbər lenti