Logo

“Erməni riyakarlıqları sənədlərin işığında”

22.03.2023 13:51 278 baxış
IMG

Tarix boyu erməni şovinizmi türk millətinə qarşı təcavüzkar siyasət həyata keçirib.

Azərbaycanlılara qarşı ermənilərin törətdiyi saysız-hesabsız cinayətlərin qələmə alınması və sənədləşdirilməsi alimlərimiz tərəfindən aktual məsələ kimi diqqətdə saxlanılıb.

Bu yaxınlarda çap olunmuş “Erməni riyakarlıqları sənədlərin işığında” adlı  ensiklopedik məlumatlardan ibarət kitab bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Kitabın müəllifi pedaqogika üzrə elmlər doktoru, Qərbi Azərbaycandan qaçqın olan Yusif Qazıyevdir.

Yusif müəllimin ata-babaları və digər həmyerliləri bir əsrdə beş dəfə soyqırımına və deportasiyaya məruz qalıb, hər dəfə də həm mənəvi, həm də fiziki əzab və itkilərə düçar olublar. Monoqrafiyanın yazılmasında da şahid ifadələrindən, çoxsaylı mənbələrdən istifadə olunub.

Kitabda zəngin arxiv sənədləri, müsəlman və qeyri-müsəlman alim və ermənişünas tədqiqatçıların məqalələri əsasında ermənilərin ətrafda yaşayan dövlət və xalqlara qarşı məkrli münasibətlərindən bəhs edilir.

Kitabda, həmçinin keçmiş Dağlıq Qarabağ problemi, 20 Yanvar hadisələri, Xocalı soyqırımı və ermənilər tərəfindən törədilmiş digər terror əməllərinin xronologiyası oxuculara çatdırılır.

Böyük bir dövrü əhatə edən, mürəkkəb və çoxsaylı məsələlərə aydınlıq gətirilən kitabı müəllif özü türk soyqırımlarına dair kiçik bir epopeya adlandırır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli isə Yusif Qazıyevin təqdim etdiyi monoqrafiyanı düşmənin ifşasına yönəlmiş sanballı bir əsər olmaqla yanaşı, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan mənbə kimi yüksək qiymətləndirir. O qeyd edir ki, əsərdə cərəyan edən hadisələrə oxucunun biganə qala bilməməsi, erməni vəhşiliyinin mahiyyətinin çılpaqlığına kimi açılması  müəllifin bu problemlərin incəliklərinə nüfuz etmək bacarığını göstərir: “Monoqrafiyada Osmanlı və Azərbaycan türklərinin faciəsinə vahid bir dərd kimi, yanğı ilə yanaşılması müəllifin Türkiyə və Azərbaycan dövlətlərinin üzləşdiyi problemləri, onların haqq səslərini dünya ictimaiyyətinə çatdırmaq istəyindən irəli gəlir. Digər tərəfdən əsərdə təkcə erməni vəhşiliyi deyil, eyni zamanda ona rəvac verən böyük dövlətlərin, onların başçılarının ifşası da xüsusi yer tutur”.

Tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov kitabı erməni şovinizminin türk millətinin başına gətirdiyi fəlakət və saxtakarlıqlar haqqında yazılmış tədqiqat əsərlərindən biri kimi qiymətləndirir: “Əsər erməni şovinizminin ortaya atdığı saxtakarlıqları, böhtan və iftiraları alt-üst edir. Ermənilərin özləri fakt qarşısında qalırlar ki, hansı  faktlar və dəlillər, hansı tarixi xəritələr və hərbi yürüşlər əsasında “Böyük Ermənistan” yaranıb mövcud olmuşdur”.

Qeyd edək ki, kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Nəzrin SEYİDƏLİYEVA

Xəbər lenti