Logo

Torpaqşünaslıq və Aqrokimya İnstitutu Aqrar İnnovasiya Festivalında iştirak edib

22.03.2023 13:10 242 baxış
IMG

Xaçmaz rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə sayca 15-ci Aqrar İnnovasiya Festivalı keçirilib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, festivalın əsas məqsədi aqrar sahənin innovativ əsaslarla inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsulu istehsalçılarının yeniliklərə əlçatanlığının təmin olunmasıdır.

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu festivalda Mobil (Səyyar) Aqrar Laboratoriyası ilə iştirak edib. Torpağın məhsuldarlığını artırmaq, onun münbitliyini qorumaq, ekoloji təmiz məhsul əldə etmək üçün müasir elmi təcrübi biliklərə əsaslanan, əkin sahəsində birbaşa tədqiqatlar və analizlər aparmaqla vaxt itirmədən fermerə yerindəcə xidmət göstərən Mobil (səyyar) laboratoriya vasitəsi ilə torpaqda qida maddələrinin (NPK) və humusun miqdarı təyin edilir, torpağın aqrofiziki xassələri və qranulometrik tərkibi təyin edilir, torpaq mühitin reaksiyası (pH) müəyyən edilir, torpaqda şorlaşma və şorakətləşmə prosesləri qiymətləndirilir.

Nəticədə torpağın ehtiyacı ola biləcək gübrə norması müəyyən edilir (torpağı kimyəvi çirklənmədən qoruyur, ekoloji vəziyyəti tənzim edilir), irriqasiya eroziyasına qarşı tədbirlər planı hazırlanır.

Festivalda, həmçinin aqrar sahənin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən 60-dan çox yerli və xarici şirkət iştirak edib.

Festival Quba-Xaçmaz bölgəsinin fermerlərinin marağına səbəb olub, geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti