Logo

"Artıq işğaldan azad olunmuş ərazilərdə Novruz bayramını qeyd edirik"

20.03.2023 17:59 379 baxış
IMG

Novruz təkcə türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.

Azərbaycan xalqının da milli-mənəvi dəyərləri arasında Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməmiş, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsillərdən nəsillərə ötürülmüşdür.

Sovet dövrünün ilk onilliklərində Novruz bayramına müəyyən qadağalar qoyulmuşdu. Hökumət  orqanları bu bayramın rəsmi səviyyədə keçirilməsinə icazə vermir, buna təşəbbüs göstərən vətənpərvər insanlar isə təqiblərlə üzləşirdi. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə ölkəmizdə hakimiyyətə gəlişi xalqımızın digər milli-mənəvi dəyərləri kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti dəyişdi. Ulu öndər ölkəyə rəhbərliyinin ilk günlərindən hər cür ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirdi. Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdışından sonra da gənc müstəqil dövlətimizin siyasi və iqtisadi  əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın  – azərbaycançılığın təşəkkül və inkişafına da müstəsna diqqət yetirdi. Müstəqilliyimizin milli-ideoloji təməlini təşkil edən bu dəyərləri xüsusi qiymətləndirdi, daim diqqət mərkəzində saxladı.

1998-ci ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik konsepsiyasını böyük əzmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə xalqımızın milli-mənəvi dəyərləri xüsusi yerə malikdir. Ulu öndər Heydər Əliyevin ali ideyalarının gerçəkləşməsində Ölkə rəhbəri cənab İlham Əliyevlə birgə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Məhz Birinci vitse-prezidenti böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır.

Novruz həm də xeyrin şər üzərində qələbəsini simvollaşdırır. Biz iki il öncə bu simvolu həyatımızda, Zəfər tariximizdə yaşadıq. 44 günlük Vətən savaşımız nəticəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Hər zaman qəlbimizdə yaşayan ümid, qalibiyyət əzmi, yenilik ruhu, haqqa-ədalətə inam hesabına Azərbaycan ən böyük arzusuna çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümummilli liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. “Şadam ki, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir” sözləri ilə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edən Ölkə başçısı cənab İlham Əliyevin vurğuladığı kimi, Qarabağın dirçəldilməsi ilə Azərbaycan əvvəlki cənnətməkan görkəminə qaytarılacaqdır.

Eldar Aslanov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Xəbər lenti