Logo

"Elə bilir ki, universiteti dədəsi buna bağışlayıb" - Rektor bu görüntülərə görə tənqid olundu - VİDEO

19.03.2023 14:44 13164 baxış
IMG

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramı tədbirində tələbələr kriminal avtoritet "Zobik Gəncinski" ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnını oxuyaraq oynayıblar.

"Tehsil.biz"in məlumatına görə, bu mövzu geniş müzakirələrə səbəb olub.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib ki, universitetlər əmək bazarının tələblərinə cavab verən mütəxəssis yetişdirməlidir: "Ali təhsil müəssisəsi uşaq bağçası və ya orta məktəb deyil. Neft və Sənaye Universiteti ölkənin ən strateji əhəmiyyətli sahələri üzrə kadr potensialının gücləndirilməsi öhdəliyini yerinə yetirilməlidir. Amma bu istiqamətdə heç bir fəaliyyətləri yoxdur. Misal üçün, universitetin rektorunun Google Scholar hesabı, ResearchGate hesabı, Scopus, Clarivate vəziyyətinə baxanda qonşu Gürcüstanın eyni istiqamətdə olan universitet rəhbərliyinin, hətta yüzlərlə digər eyni profilli universitet rəhbərliyinin müqayisəsində aşağı olduğunu və bizim ADNSU rektorunun ümumiyyətlə bir sıra beynəlxalq reytinq və bazalarda olmadığını görürük".

Kamran Əsədov

"Mən universitet tələbələrinin Novruz bayramında bu musiqi sədaları altında universitetin həyətində bu formada rəqsini qəbul etmirəm və nəzarəti həyata keçirə bilməyən universitet rəhbərliyini günahkar görürəm. Bu, əyləncə deyil, təhlükədir, biabırçılıqdır", - deyə Kamran Əsədov vurğulayıb.

Milli Məclisin deputatı Etibar Əliyev mövzu ilə bağlı bildirib ki, gənc nəslə universitetlərdə təhsil verməklə yanaşı, həm də onların tənqidi təfəkkürü inkişaf etdirilməli, onlar yüksək davranışları ilə də seçilməlidirlər: "ADNSU-da baş verən bu rüsvayçı hadisə göstərdi ki, tələbələr birgə ifa etdikləri bu mahnını elə auditoriyalarda da oxuyurmuşlar. Bir ağızdan belə mütəşəkkil hərəkət birdən-birə ortaya çıxa biilməz. Mən bu ali məktəbin yanından keçəndə tələbə davranışlarından dəhşətə gəlirdim. Bu da nəticə. Baş qarışıb pul silməyə, qohumbazlıq, dostbazlıqla məşğul olmağa, universitetin deqradasiyası bu tip rektorun heç vecinə də deyil. Z nəslindən ZEK nəslinə keçiddir bu! Xudayar təsnifini nə tez unutduq!"

Etibar Əliyev

Millət vəkili Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlını sərt tənqid edib: "Mustafanın səviyyəsidir. Baxın, bu adam təhsildən nə qədər kənar adamdır. Elə bilir ki, universiteti dədəsi buna bağışlayıb".

Xəbər lenti