Logo

AzTU-nun magistr tələbələri Madriddə tədqiqat aparır

17.03.2023 21:16 468 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin və Beynəlxalq Biznes Məktəbinin (MBA və “SABAH Magistratura” proqramları) 2-ci kurs magistr tələbələri “Erasmus+ KA171” proqramı çərçivəsində Madrid Politexnik Universitetinin (UPM) Sənaye Mühəndisliyi Ali Texniki Məktəbində (ETSI Industrials) magistr dissertasiya işləri üzrə tədqiqat aparırlar.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, tədqiqat aparan tələbələr - Gülüstan Nəbili “Bərpa olunan enerji mənbələri ilə iqtisadi artım arasındaki əlaqənin panel data analizi”, Fərid Nadirov “Azərbaycanda külək, günəş, su elektrik stansiyaların inşası və istifadəsi ilə bağlı texniki, iqtisadi, ekoloji risklərin qiymətləndirilməsi”, Sona Nəzərova isə “Azərbaycanda yaşıl logistika üçün yaşıl bacarıqlar” mövzularında dissertasiya işlərini iki dildə hazırlayacaqlar.

Belə ki, tələbələr UPM-də ingilis dilində, AzTU-da isə Azərbaycan dilində müdafiə edəcəklər.

UPM-də yerli proqram koordinatoru və tələbələrin hesabatlarını qəbul edən şəxs Sənaye Mühəndisliyi Ali Texniki Məktəbinin (ETSI Industrials) professoru Jorge Servertdir.

Tələbələrin AzTU-da elmi rəhbərləri professor Vilayət Vəliyev, i.ü.f.d. Fariz Məmmədov və i.ü.f.d. Aynurə İsmayılovadır.

Qeyd edək ki, “Erasmus+ KA171” proqramının icrası çərçivəsində işlər 2022-ci ilin may ayından etibarən Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi və Beynəlxalq əlaqələr şöbəsinin birgə koordinasiyası ilə həyata keçirilir. 

Xəbər lenti