Logo

BDU-nun Kimya fakültəsində “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” adlı tədbir keçirilib

17.03.2023 14:10 268 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı, “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” adlı tədbir keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov  Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, irimiqyaslı layihələr barədə ətraflı məlumat verib. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərin Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu qeyd edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev isə bildirib ki, müstəqil Azərbaycanın memarı və qurucusu, azərbaycançılıq ideologiyasının banisi, Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görüb. Ulu Öndərin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını, ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı təmin edib. Bu uğurların zirvəsi isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsidir.

YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, BDU-nun Kimya fakültəsinin dekanı Fuad Kərimli çıxışlarında qeyd ediblər ki, Azərbaycanın dövlət müstəqilliyinin əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində mümkün olub.

Tədbirin sonunda YAP-ın yeni üzvlərinə partiya vəsiqələri təqdim edilib.

Xəbər lenti