Logo

"Taxt-tac üçün övladına qıyıb" - Əməkdar jurnalist yazır...

17.03.2023 09:57 523 baxış
IMG

“Məmləkətlərin hamısını ilhaq edib bütün dünyaya sahib olarsınız” deyə məşhur “Vəsiyyətnamə”sini gələcək nəvə-nəticələrinə ünvanlayan, “üç türkü heç vaxt birləşməyə qoymayın” deyən, türk-islam dünyasını sevməyən “Böyük I Pyotr” və yaxud “dəli Petro” kim idi?

Rusların “Böyük Pyotr” adlandırdığı Pyotr Alekseyeviç Romanov 1672-ci ilin iyun ayında Moskvada rus çarı I Alekseyn ailəsində anadan olub. Onun anası Nataliya Narişkin çar I Alekseyn ikinci arvadı idi. Hələ kiçik yaşlarından çevikliyi, möhkəm iradəsi, çılğınlığı, amansızlığı və qəddarlığı ilə diqqəti cəlb edən Pyotr dörd yaşında atasını itirdiyi üçün onun təlim-təhsili ilə əsasən anası məşğul olub. İlk təhsilini evdə xüsusi müəllimlərdən alıb. Saray ustalarından bir neçə peşə öyrənib. Hər şeylə maraqlanıb. 

Əslində sarayda baş verən hadisələr, atasının ölümündən sonra taxt-tac uğrunda gedən çəkişmələr onun yaşından tez böyüməsinə səbəb olub. Pyotr 1682-ci ildən 1696-cı ilə kimi ögey qardaşı V İvanla birlikdə taxt-taca sahib olsa da, ölkəni faktiki olaraq ögey bacısı Sofiya idarə edib. Çünki bu vaxt Pyotrun 10, qardaşı İvanın isə 16 yaşı var idi. Üstəlik İvan əqli zəiflikdən də əziyyət çəkirdi.

Beləliklə, I Pyotr taxt-tacı tam ələ keçirmək üçün 1721-ci ilə qədər ögey bacı-qardaşları və analığı Mariyanın qohumları ilə çox ağır mübarizə aparmalı olur. Hətta bacısı Sofiya Pyotrun əleyhinə üsyan qaldırılmasını də təşkil edir.

Amma sonda I Pyotr amansızlıqla bacı-qardaşlarını, qohum-əqrəbasını məhv edərək taxtın tək varisi kimi 1721-ci ilin 22 oktyabrından bütün Rusiyanın İmperatoru olur.  

1695-96-cı illərdəki “Azov səfərləri” və 1700-1721-ci illərdəki Şimal müharibəsindəki qələbəsi nəticəsində I Pyotr Rusiyanı Avropanın böyük dövlətləri sırasına daxil edib. Amma bununla kifayətlənməyib. 1703-cü ildə işğal etdiyi İsveç torpağında Sankt-Peterburq şəhərinin əsasını qoyub. Daha çox qənimətlərə, torpaqlara sahib olmaq üçün güclü ordu və hərbi dəniz donanması yaradıb. I Pyotr Rusiyada mədəniyyət və maarif sahəsində çox böyük dəyişikliklərə nail olsa da, işğalçılıq siyasətindən də qalmayıb. 1722-23-cü illərdə Xəzərsahili vilayətlərə yürüş edərək Dərbəndi, Bakını və s. yerləri işğal edib. İşğalla barışmayan yerli əhali amansızlıqla qətlə yetirilib.

Taxt-tac hərisliyi I Pyotru öz ailəsinə, hətta övladına qarşı da amansız edib. Qeyd edək ki, I Pyotr iki dəfə ailə qurub. Birinci dəfə 17 yaşında evlənib. Bu evlilikdən üç övladı olub. Övladlarından ikisi çox erkən dünyasını dəyişib, biri Aleksey Pyotroviçi isə atası saray çevrilişində günahlandıraraq ölüm hökmünə məhkum edib. O, hökm yerinə yetirilənə kimi verilən işgəncələrə dözməyib ölüb. Bu hadisələrdən sonra I Pyotr ailəsindən ayrılıb, arvadını çara xəyanətdə təqsirləndirərək Rusiyanın çox ucqar bir yerinə sürgün edib.

I Pyotr ikinci dəfə 1702-ci ildə Marta adlı bir polyak kəndli qızı ilə tanış olur. Marta pravoslavlığı qəbul edərək Yekaterina adını alıb və onlar 1712-ci ildə münasibətlərini rəsmiləşdiriblər. I Pyotrun ikinci evliliyindən 11 övladı olub. Amma onlardan yalnız biri  – Yelizaveta ahıl yaşına çata bilib. Beş övladı ölü doğulub, bir necəsi üç-dörd, bəziləri isə yeniyetmə yaşlarında dünyasını dəyişib.

Mənə elə gəlir ki, I Pyotrun layiq olduğu ən böyük cəzanı Tanrı ona sağlığında verib. Çünki bir valideyn üçün bundan böyük, bundan dəhşətli cəza ola bilməzdi. Tanrı tökdüyü haqsız göz yaşlarının cavabı olaraq ona cəhənnəmi bu dünyada yaşadıb.

Səhhətində problemlər yarandığı üçün 1724-cü ildə xanımı Yekaterinanı imperatriça elan edib və tacqoyma mərasimi keçirib. İmperatorun bütün oğlan övladları vəfat etdiyi üçün xanımını vəliəhd elan edib.

1724-cü ildə I Pyotrun səhhətindəki problemləri aradan qaldırmaq üçün həkimlər onu əməliyyat ediblər. Əməliyyatdan sonra səhhəti nisbətən yaxşılaşsa da, 1725-ci ilin 8 fevralında 52 yaşında vəfat edib. 

I Pyotr kimlər üçünsə “dahi sərkərdə”, “Avropaya pəncərə açan güclü şəxsiyyət” idi. Amma bizlər üçün bu gün də həlli tapılmayan, erməni-müsəlman problemini yaradan şovinist, torpaqlarımızı zəbt edən bir işğalçıdır. Çünki “ermənilərin Azərbaycan torpaqlarına geniş miqyasda köçürülməsinin əsası I Pyotr tərəfindən qoyulub. 

Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist

Xəbər lenti