Logo

Qətər Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutunun direktoru ADA Universitetində - FOTO

16.03.2023 18:26 316 baxış
IMG

Qətər Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutunun direktoru Əbdüləziz bin Məhəmməd Al-Horr ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun ("IDD") qonağı olub.

ADA Universitetindən "Tehsil.biz"ə bildirilib ki, görüşdə həmçinin Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab da iştirak edib.

Prorektor, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə qonaqları salamlayaraq əvvəlcə onlara "IDD"nin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. İnstitutun ADA Universitetinin nəzdində fəaliyyət göstərdiyini bildirən prorektor F.İsmayılzadə universitetin də yaranma tarixindən və beş fərqli istiqamət üzrə təqdim etdiyi ixtisaslardan bəhs edib.

Daha sonra Qətər Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutunun fəaliyyəti ilə bağlı məlumat verən Əbdüləziz bin Məhəmməd Al-Horr iki qurum arasında əməkdaşlığı daha da genişləndirəcək anlaşma memorandumunun tezliklə imzalanacağını diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin genişləndiyi və tezliklə imzalanacaq sənədin də elə məhz bunun təzahürü olduğu qeyd edilib. Əlavə olunub ki, sözügedən əməkdaşlıq sayəsində Qətəri təmsil edən diplomatların Xəzər hövzəsi ölkələri barədə məlumatlılığı artacaq, eyni zamanda, Azərbaycan auditoriyasında ərəb dünyası haqqında təsəvvürlər daha da genişlənəcək.

Qeyd edək ki, "IDD" və Qətər Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutu əməkdaşlıq çərçivəsində diplomatlar üçün təlimlər, birgə konfranslar və silsilə mühazirələr təşkil edəcək, aktual mövzularda məqalələrin nəşrini həyata keçirəcək, bilik və təcrübə mübadiləsini təmin edəcək.

Xəbər lenti