Martın 15-də Belçika vaxtı ilə saat 10:00-12:00-da (Bakı vaxtı ilə 13:00-15:00) Azad Belçika Universiteti Rumıniyanın Buxarest İqtisad Universitetinin Xarici Dillər kafedrası ilə əməkdaşlıqda “Prizmatik tərcümə” mövzusunda Zoom platforması üzərindən tələbə və müəllimlər üçün rumın professor, şairə Emilia İvancunun beynəlxalq seminarını təşkil edib.
Tehsil.biz xəbər verir ki, tədbirə ADU-nun Rumın dili və mədəniyyəti mərkəzinin müdiri doktor İosefina Battonun dəvəti ilə universitetimizin Tərcümə fakültəsinin müəllimləri (dos. Fialə Abdullayeva, b/m. Təranə Məmmədova, dos. Könül Hüseynova, b/m. Sevda Həsənova, b/m. Eleonora Babayeva, m. Ramina Məhərrəmova, b/m. Günel Qasımova, b/m. Aygün Qurbanova), o cümlədən mərkəzin əməkdaşı Seda Məmmədli və tələbələr (Leyla Abbasova və Şəms Qasımlı) də qoşulub. Dünyanın bir sıra universitetlərindən olan müəllim və tələbələrin də iştirak etdiyi bu seminarda şairə Emilia İvancu mövzu haqqında məlumat vermiş, daha sonra onun “Twilight” (“Qürub çağı yetişəndə”) şeirinin iştirakçılar tərəfindən müxtəlif dillərə (ingilis, holland, polyak, çex, italyan, portuqal, ivrit, alman, fransız, rus, Sloveniya, türk, Azərbaycan və s.) olunmuş tərcümələri ekranda nümayiş etdirilib.
Tərcüməçilər şeirin başlığı ilə əlaqədar axtarışlarını iştirakçılarla paylaşıblar. Görüşün təşkilində tərcümə tədrisi ilə məşğul olan müəllimlərimizə ADU-nun THBAM layihəsi çərçivəsində təlim keçmiş rumın həmkarlarımız doktor Oana Topala və Cristina-Alice Toma da fəal iştirak ediblər.
Maraqlı müzakirələrlə müşayiət olunan tədbirin sonunda növbəti seminarın keçirilməsi istəyi də ifadə olunub.