Logo

“İmtahana dərslikdən kənar sualların salınması düzgün deyil” – Keçmiş nazirdən etiraz

14.03.2023 13:20 490 baxış
IMG

"Bəzi nüanslar nəzərə alınaraq imtahana çətin suallar salınmamalıdır".

Tehsil.biz xəbər verir ki, bunu "Yenisabah.az"a sabiq təhsil naziri, professor Misir Mərdanov deyib.

O, imtahan suallarında çətinləşmənin tərəfdarı olmadığını bildirib:

“Mən imtahanla bağlı suallara cavab verməkdə bir az çətinlik çəkirəm, çünki o işin içində deyiləm. Ancaq mən hesab edirəm ki, sualların hər biri orta məktəb proqramı daxilində olmalıdır və proqrama daxil olan orta səviyyəsi suallar hazırlanmalıdır, yüksək səviyyəli yox. 

Eyni zamanda, sualları hazırlayarkən o da nəzərə alınmalıdır ki, ötən il şagirdlər pandemiya şəraitində dərsə gəlib-gediblər, onlayn təhsil alıblar. Ona görə də mən imtahan suallarında çətinləşmənin tərəfdarı deyiləm. 

Mənə elə gəlir ki, suallar orta səviyyəli şagirdin cavablaya biləcəyi tipdə olmalıdır. Mən özüm də ordan-burdan eşidirəm ki, suallar çətindir, amma işin içində oladığıma görə konkret bir fikir söyləməkdə çətinlik çəkirəm”.

M.Mərdanov qeyd edib ki, imtahana orta məktəb dərsliklərdən əlavə, Dövlət İmtahan Mərkəzinin ümumi dərs vəsaitlərindən də sualların salınması qətiyyən doğru deyil:

“Sualların orta məktəb dərsliklərindən kənar, DİM-in əlavə vəsaitlərindən tərtib edilməsi, dərslikdə olmayanların imtahana salınması qətiyyən düzgün deyil. Bu qəti doğru yanaşma deyil. Suallar hazırlandıqda orta məktəb proqramı əsas olmalıdır, başqa sualların salınması doğru deyil”.

Xəbər lenti