"Ali təhsil müəssisələrinə qəbul qaydaları və imtahan formatı dəyişməlidir".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndiyev bildirib
Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində ixtisas qrupları yoxdur və bu qədər fəndən imtahan götürülmür:
"Bu istismardır. Həm şagirdi, həm də valideyni! 6-7 fənn üzrə hazırlaşan bir abituriyent məktəb təhsili ilə kifayətlənmir və təhsili kənarda axtarır. Bu zaman isə ailə büdcəsi 1 fənn üzrə ən azı 70-80, bəzən isə ən çoxu 100-200, hətta 250-300 AZN xərc çəkməli olur. 6 fənn üzrə bir ailə aylıq 400 manatdan 1500 manatadək hazırlıqlara pul tökür. Bu istismar deyilsə nədir? Dövlət pulsuz təhsil verir, əziyyət çəkin təhsili qaytarın məktəbə!
Vahid qəbul qaydası işlənib hazırlanmalıdır. Dünyanın qabaqcıl ölkələrinə və onların qəbul qaydalarına baxın. Təhsili məktəbə qaytarın! Bu gün yalnız məktəb təhsili ilə kifayətlənən məktəb şagirdləri Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında 0-50 arası da bal toplaya bilmirlər. 50-300 bal aralığında nəticə göstərən şagirdlər təhsil mərkəzlərinin, kursların, repetitorların nəticəsidir. Fənlərin sayı minimallaşdırılmalıdır. Qəbul bir dəfə keçirilməlidir. Nəticələr də ən geci 10-15 gün ərzində elan olunmalıdır".