AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) texniki-populyar seriyadan nəşrləri daxil olub.
AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, təqdim edilən və 16 kitabdan ibarət texniki-populyar seriya ölkəmizin tarixində ilk dəfə olaraq nəşr edilib.
Nəşrlərin sırasında “İnformatika” iki hissədə, “Hüdudsuz kimya” iki hissədə, “Ölçmələr və cihaz mühəndisliyi”, “Populyar mexanika”, “Elektronika dünyasına səyahət”, “Populyar iqtisadi məlumatlar”, “Geologiya - yeraltı və yerüstü sirlər dünyası”, “Seçdiyiniz peşə - sizin gələcəyinizdir”, “Enerji: keçmiş və gələcək vektorların kəsişməsində”, “Geofizika yer təkinin güzgüsüdür”, “Azərbaycanın faydalı qazıntıları müstəqil dövlətimizin təminatçısıdır”, “Fizika bugünkü həyatımızda”, “Elektronikanın əsasları: dövrələr, metodlar və tətbiqlər” iki hissədə adlı kitablar yer alır.
ADNSU-nun 100 illik yubileyinə həsr olunmuş və nəfis tərtibatı ilə seçilən bu kitablar müxtəlif texniki elm sahələrini əhatə edir və İstanbul şəhərində işıq üzü görüb. Kitablar müəllimlər, elmi-tədqiqat işçiləri, doktorantlar, bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələr üçün faydalı mənbələrdir.