"Hər kəs ali məktəblərə öz bilik və savadına uyğun olaraq qəbul olunur. Azərbaycanda ali təhsil müəssisələrinə qəbul sistemi dünyada ən yaxşı qəbul sistemidir. Qəbul prosesi və ixtisas seçimi məsələsində heç bir problem yoxdur. Problem yalnız qəbul imtahanları ilə bağlıdır".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov elm və təhsil naziri Emin Əmrullayevin ali məktəblərə qəbulda problemin olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, 2010-cu ildə ali məktəblərə qəbul planı 29 min, 2022-ci ildə 51 min olub, cari il üçün isə 60 min nəzərdə tutulub:
"IV ixtisas qrupuna 5 min adam sənəd verir və onların hamısı əsas ixtisas olaraq həkimliyi seçir. 2020-ci ildə ödənişli əsaslarla Azərbaycan Tibb Universitetinə 585 balla qəbul olunublar, ödənişsizə isə 610 balla. Həmin adam 512 balla pulsuz tibb bacısı ixtisasına qəbul oluna bilərdi, lakin pullu ixtisası seçir. Deməli, nazirin bu fikri heç bir fakta əsaslanmır və yanlış informasiyadır. Ölkədə 158 balla Azərbaycan Dillər Universitetinə və 165 balla Bakı Slavyan Universitetinə qəbul olunanlar var. Azərbaycan Texniki Universitetinin İnformasiya texnologiyaları ixtisasına tələbə 200 balla qəbul olunub”.
"Problem heç də ali təhsil müəssisələrinə qəbulda deyil, əsas problem təhsildən xəbərsizlərin Elm və Təhsil Nazirliyinə gəlməsindədir. Qəbul imtahanları isə çətin və problemlidir", - deyə Kamran Əsədov qeyd edib.