Azərbaycan Dillər Universitetində Elm və Təhsil Nazirliyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə "İnsan alverinin qurbanı olmayın” adlı maarifləndirici təlim keçirilib.
Tehsil.biz xəbər verir ki, Bədii Yaradıcılıq Evinin Kütləvi işlərin təşkili şöbəsinin müdiri Kəmalə Muradlı keçirilən təlimin məqsəd və məramı haqqında auditoriyanı məlumatlandırıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin mütəxəssisi, polis polkovnik- leytinantı İbrahim Əhmədov isə insan alveri qurbanlarının istismarı, insan alverinin qurbanına çevrilməmənin mexanizmi, gənclər xarici ölkədə təhsil almaq istədikdə hansı problemlərlə üzləşə biləcəkləri, Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən sığınacaq evləri və başqa mövzular haqqında auditoriyanı maarifləndirib.
O, bildirib ki, insan alveri dünyanın sürətlə yayılan cinayətlərindən və insan hüquqlarının ən kobud pozuntularından hesab edilir. İnsan alveri və onunla mübarizə metodlarından çox danışılsa da problemin qurbanları azalmır, əksinə, transmilli xarakter daşıyan bu növ cinayətlərin göstəricilərinin dinamikası yüksələn xətt üzrə inkişaf edir. Çünki, insan alveri vasitəsilə cinayətkar dəstələr asan yolla milyardlar əldə edirlər. Qəbul olunmuş hüquqi aktlara baxmayaraq, şəxsiyyətin şərəf və ləyaqətini alçaldan insan alverinin qarşısını almaq, onunla mübarizəni, insan alveri qurbanlarının müdafiəsini təmin etmək, insan və vətəndaş hüquq və azadlıqlarını Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq cinayətkar qəsdlərdən qorumaq qədərincə çətindir. Bu problemin aradan qaldırılmasında ictimaiyyətin rolu mütləqdir.
Tədbirdə Azərbaycan Dillər Universitetinin Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri Səadət Qasımova, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin Metodiki şöbənin metodisti Səbinə Cabbarlı və müəllim kollektivi iştirak edib.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.