“Ötən ilin rəsmi statistikasına görə, məktəblərdə müəllimlərin 84,3 faizi qadındır, ölkənin ümumtəhsil məktəblərində 3642 direktordan 1352-si, 4677 direktor müavinindən 2753-ü, 143902 müəllimdən 121405-i qadındır. Onu da nəzərə alsaq ki, bu gün pedaqoji təhsil verən universitetlərin və kolleclərin kontingenti əsasən qızlardan formalaşdığından belə nəticə çıxarmağa əsas yaranır ki, bu tendensiya hələ ki, yüksələn xətlə davam etməkdədir".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov deyib.
Onun sözlərinə görə, son 10 ildə Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqlarının məbləği 3 dəfə artıb:
"Baxmayaraq ki, son 10 ildə Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqlarının məbləği 3 dəfə artıb və elm və təhsil naziri Emin Əmrullayevin də xüsusi olaraq vurğuladığı kimi, “2014-cü ildə müəllimlərin orta maaşı 267 manat olduğu halda, indi, sonuncu artımdan sonra bu məbləğ 790 manata yüksəlib, daha 2-3 ildən sonra isə orta əməkhaqqı 1000 manatı keçəcək bununla belə yenə də əksəriyyət tərəfindən belə bir vəziyyətin yaranması müəllimin əməkhaqqının aşağı olması ilə izah olunur".
Nadir İsrafilov bildirib ki, bir çox məktəblərdə yaranan özbaşınalıqların, müəllim-şagird münasibətlərində kütləvi hal alan xoşagəlməz hadisələrin baş vermə səbəblərindən ən əsası elə kişi müəllimlərin azlığı, kişi zəhminin yoxluğudur:
“Bəlkə də məktəblərdə azlıq təşkil edən kişilərin uşaq döyənlər arasında çoxluğu valideynlərin narazılıqlarının əsas səbəblərindən biridir? Suallar çoxdur, konkret cavab isə hələ ki, yoxdur. Təbii proseslərin qarşısını isə süni yollarla almaq yolverilməzdir. Problemin optimal həllinin geniş müzakirələrə və əsaslı təhlillərə ehtiyacı var".