Logo

Külək oyadan çərşənbə

07.03.2023 10:27 342 baxış
IMG

Novruz çərşənbələrinin üçüncüsü xalq arasında “Yel çərşənbəsi”, “Gül çərşənbə”, “Yelli çərşənbə”, “Külək oyadan çərşənbə”, “Ata-baba günü çərşənbəsi”, “Ölü çərşənbə” və s. adlarla tanınır.

Təbiətin oyanmasının, canlanmasının əsas şərtlərindən biri havanın qızması ilə bağlıdır. Yel çərşənbəsi təbiətin elə bir vaxtıdır ki, qar əriməyə başlayır, suyun buzu sınır, torpağın canına hərarət hopur, yağışlar torpağa can verməyə başlayır.  
Bu çərşənbədə meşələrdə, çöllərdə novruzgülü açır. Uşaqlar, gənclər həmin güldən toplayaraq çərşənbə xonçasına qoyur, eyni zamanda “Yaz nübarıdır” deyə hamını muştuluqlayırlar. Məhz novruzgülü ilə əlaqədar olaraq həmin çərşənbəyə “Gül çərşənbəsi” də deyirlər.  

Yel çərşənbəsində dünyasını dəyişənlərin qəbirləri ziyarət olunar. Adətə görə, günortaya qədər bayram üçün hazırlanmış nemətlərdən qəbir üstünə aparar, qəbirləri təmizləyər, şam yandırar, dualar oxutdurardılar. Geri döndükdən sonra hamı paklanar, axşamçağı ölənlərin adına qazan asar, qapı-pəncərəni açıq qoyar, şamlar yandırarlar ki, ruhlar işığın vasitəsilə gəlib evi rahat tapa, adına bişirilənlərdən dada bilsin, rahatlıqla geri dönsün. Ruhun yolunu azıb geri dönə bilməməsinin ailədə fəlakətə səbəb ola biləcəyinə inanılırdı. Adətən bu çərşənbə gecəsi mərhumun adını çəkmir, onu xoş sözlərlə anır, xatirələrlə yad edirlər. Bu çərşənbədə ağsaqqallar yaslı evlərə gedərək, həyətlərində  tonqal qalamaqla onları da yasdan çıxarırlar. Azərbaycanın bəzi bölgələrində qəbirüstə getmək, ölənləri yad etmək ilaxır çərşənbə, Novruz bayramı günlərində olur.  

Yel çərşənbəsi təbiətin elə bir vaxtıdır ki, qış gücdən düşərək son köçünü edir. İlkin təsəvvürə görə, çərşənbədə oyanan külək yer üzünü gəzir, suyu, odu hərəkətə gətirməklə ona yeni nəfəs verir. Həmin günlərdə əsən isti-soyuq küləklər yazın gəlişindən xəbər verir. Mifoloji düşüncəyə görə, “qara nəhrdə yatmış 4 cür külək“ yer üzünə çıxıb özü təmizlənməklə yanaşı, bu çərşənbədə ağacların budaqlarını da yellədərək onları qış yuxusundan ayıldır. Küləyin libasları rənglərinə görə mifik məna daşıyır, yəni Ağ yel - ağ libasda, Qara yel - qara libasda, Xəzri - göy libasda, Gilavar -qırmızı libasda xarakterizə edilir. Yel çərşənbəsində yurdumuzda dolaşan külək məhz bu dördlüyün rəngindən özünə pay aldığından hava təbdən-təbə, rəngdən-rəngə düşür.  

Azərbaycan mifik təfəkküründə yel yol göstərən, bələdçi rolunu yerinə yetirir. Küləyin əsməsi ilə istiliyin hər yerə yayılması xalqımızın mifik dünyagörüşündə obrazlaşıb, “Yel baba” kimi şəxsləndirilib. Bu çərşənbə ilə bağlı rəvayətdə deyilir ki, Yel baba meşələrdə azan xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu itirmiş insanları mənzil başına çatdırır.

Səmavi kitablarda Yel dünyanı idarə edən tanrı və ya Allah tərəfindən göndərilən bir antropomorf  kimi təsvir edilir. Məhəmməd  peyğəmbər (s.a.s.) buyurur ki, “Külək Allahın qullarına olan nemətidir. Bəzən insanlara rahatlıq, bəzən də əzab gətirir. Külək olduğu zaman onu söyməyin, onun xeyrini istəyin, şərindən də Allaha sığının, başqa sözlə, külək Allahın əmrindəndir”.  

”Qurani-kərim”in 46-cı ”Əhqaf” ( “Qumsal təpələr”) surəsində haqq yoluna gəlməyən Ad qövmünü cəzalandırmaq üçün Tanrı onların üzərinə “Sarsar” deyilən məhvedici bir ruzigar göndərir, 7 gecə və  8 gün davam edən soyuq qasırğa həmin tayfanı yer üzündən silir.  

İslam dininə görə, Allah-təala 4 böyük mələkdən biri olan Mikayıla təbiət hadisələrini - yağışın yağmasını, küləyin əsməsini, yaşıllığın bitməsini idarə etməyi buyurub. Dini rəvayətə əsasən, Yel // hava Allahın insan yaradarkən onun cisminə üfürdüyü nəfəsini - insanın ruhunu təcəssüm etdirir.  

Orta əsrlərdə iki sevən gəncin - aşiq və məşuqun bir-birini görüb danışması yasaq olduğundan, klassik ədəbiyyat örnəklərində “Badi-səba” (səhər yeli) sevgililərin bir-birinə sözünü, etirafını, xəbərini çatdırmaq funksiyasını yerinə yetirir.   

Yel çərşənbəsi günü günahlarını yumaq, savab qazanmaq istəyən insanlar qəfəslərə salınmış ovlanmış quşları satın alar, qəfəsi açıb havaya buraxar və bu zaman deyərdilər: “Azad-bezat, məni cənnətdə gözət”. Gözlə görünməyən küləyin varlığını bizə hiss etdirən vasitələrdən biri də çərpələngdir. Yel çərşənbəsində insanlar kağızdan çərpələng hazırlayıb dam və ya təpələrin başından uçurdardılar. Bu çərpələnglərin üzərinə insanlar tanrıya şikayət məktubu və ya xahişnamələr, arzu və istəklər də yerləşdirərdilər. Yel çərşənbəsində külək əsmədikdə onu çağırmaq üçün çərpələnglərdən istifadə etmişlər. Meydanın ortasında basdırılmış insan boyunda dirəyə çərpələng asar, onun sağ-solunda dayanan 4-5 oğlan xüsusi yelpiklərlə çərpələngi azaçıq da olsa hərəkətə gətirməyə çalışardılar:  

Yel babam, yelli babam,
Elim, obam batdı, gəl
Çərpələngim yatdı, gəl!

İnsanlar yel dəyirmanının pərlərini əlvan parça, gümüşü kağız zolaqları, güzgü qırıqları ilə bəzəyib hərlədərək çərşənbə günündə onun ətrafında çalıb oynayardılar.  

Yel çərşənbəsində icra olunan mərasimlərdən biri “Küfdibi” mərasimidir. “Küfdibi” özünü küləyə vermək, yellənmək deməkdir. Burada əsasən gənclər iştirak edərdilər, yaşlı meyvə ağacından yelləncək asıb onu yaşıl bitkilər, gül-çiçək və s. ilə bəzəyərdilər. İştirakçılar bir-bir və ya iki-iki yelləncəkdən yellənir, deyişmə və ya bayatı deyərdilər. Yelləncəkdə yellənən qızların ayağına çubuqla asta-asta vurub söyləyərdilər:

Örpəyi çəhrayı qız,
Saçları xurmayı qız,
Gözləri sürməli qız,
Yaylığı yellənən qız,
Buraya qonaq gələn qız,
Adaxlının adını de!
Ha yellənə-yellənə,
Adaxlının adını de!

Yelləncəkdəki qızdan cavab almayınca, onu yellədər, qız cavab verdikdən sonra onu düşürüb bir başqasını mindirərdilər. Əgər əvvəllər yelləncəyə yalnız qızlar qalxardılarsa, sonradan yelləncəyə növbə ilə gah qızlar, gah da oğlanlar bir-bir, yaxud cüt-cüt qalxardılar. Bu mərasim vaxtilə cavanların bir-birini görüb tanış olmaları üçün yaxşı bir vasitə idi. “Küfdibi” mərasimi yazda qanın qaynaması ilə əlaqədar bir çox canlı məxluqların cütləşməsi, nəsil artırması məqsədi daşıyırdı. Məlumdur ki, küləyin bitkiləri tozlandırmaq, mayalandırıb məhsul, bar verməsini təmin etmək kimi mühüm xüsusiyyəti vardır.

Yel çәrşәnbәsi günü tonqallar qalanar, evlәrdә südlü plov vә ya bulğur aşı bişirilər. Süfrәyә daha çox quru meyvә vә dәnli bitkilәrdәn hazırlanmış çәrәzlәr düzülər. Hәmin gün bir qarış böyümüş sәmәninin ortasına qırmızı qumaş bağlanar.

Yel çərşənbəsi ilə bağlı inancların birində deyilir ki, bu gecə söyüd ağacının altına gedib niyyət elə. Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Boz ay bu çərşənbə ilə təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır. Qoy bu çərşənbə yeli xalqımıza xoşbəxtlik və sevinc, bol ruzi gətirsin, dərd-bəlanı, xəstəliyi Azərbaycandan, türk dünyasından uzaq etsin!

Məhəmməd Məmmədov,
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti

Xəbər lenti