Logo

Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

07.03.2023 09:28 395 baxış
IMG

Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd olunur.

Tehsil.biz xəbər verir ki, Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə", "Yelli çərşənbə", "Külək çərşənbəsi" kimi də tanınır.

Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.

Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var: "Yel əsməyincə yarpaq tərpənməz", "Yelin zarafatı qovmaqla başlanır", "Yelə verdiyin düşmənə qismət olar", "Yel apardığını qaytarmaz", "Yellə dost olan yellənə-yellənə qalar", "Yel bağlayanı el açar", "Yeldən aman diləməzlər", "Külək kimi hərdən bir yana əsmə", "Küləkli havada dənizdə çimməzlər", "Kələknən gələn, küləknən gedər"... İnanclara görə, "Yeli əsdirəni söymək olmazdı, çünki onun arxasında Tanrı dayanır", "Yelə tüpürsən, öz üstünə qayıdacaq. Onu çirkləndirmək mümkün deyil. Əksinə, o - Yel havamızı təmizləyir, yeniləyir, dəyişir". "Çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Bu gün olunan dualar da tez qəbul olur".

Qeyd edək ki, martın 14-də axırıncı, yəni Torpaq çərşənbəsi qeyd olunacaq, Novruz bayramı axşamı martın 20-nə təsadüf edəcək.

Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.

Xəbər lenti