Logo

Tərlan Seyidovun xatirəsi anılacaq

06.03.2023 23:10 375 baxış
IMG

Martın 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyası akademiyanın böyük zalında Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovun xatirəsinə ithaf olunmuş tədbir keçirəcək.

BMA-nın mətbuat xidmətindən bildirilib ki, məktəb-studiyanın işçi heyəti tərəfindən hazırlanmış xatirə tədbirində professor Tərlan Seyidov tərəfindən yaradılmış təhsil müəssisəsinin yetirmələri, hazırda isə Azərbaycanın mədəni həyatında və onun hüdudlarından kənarda uğurları ilə hər birimizi qürurlandıran musiqiçilər çıxış edəcəklər.

Onların arasında Əməkdar artist, dirijor Fuad İbrahimov, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov, II Qarabağ müharibəsinin qazisi, bəstəkar Vüqar Məmmədzadə və məktəbin digər məzunları olacaq. Tədbirdə, həmçinin Azərbaycanın görkəmli musiqi xadimləri öz xatirələrini bölüşəcəklər.

Qeyd edək ki, yüksək intellekt və bacarıq, gözəl təşkilatçılıq kimi xüsusiyyətləri özündə cəmləşdirən məktəb-studiyanın yaradıcısı Tərlan Seyidov öz işinə daim məsuliyyətlə yanaşar və ətrafında olan insanları bu dəqiqliyə riayət etməyə çağırardı. Onun yarım əsrə yaxın bir vaxt ərzində musiqinin tərbiyə, maarifçilik, elmi-tədqiqi prosesləri sahəsində apardığı işlərin həcmi həqiqətən də heyrətləndirici və təqdirəlayiqdir.

Professor Tərlan Seyidov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının nüfuzlu müəllimlərindən biri olmuşdur. Məhsuldar pedaqoji işi ilə yanaşı o, daim elmi araşdırmalarla məşğul olur və yeni ixtiralarını təcrübədə uğurla tətbiq edirdi. T.Seyidov, daim Azərbaycan musiqisinin təbliğatı ilə əlaqədar tədbirlər təşkil edən, respublikamızda ümumi musiqi təhsilinin islahat problemlərinin həll olunması sahəsində fəal və müvəffəqiyyətlə çalışan əsl maarifçi idi.

Musiqişünas-alim kimi Tərlan Seyidov Azərbaycan ifaçılıq musiqişünaslığının yaradıcısı olub. O, XX əsrin Azərbaycan milli fortepiano mədəniyyətinin (pedaqogika, ifaçılıq və bəstəkar yaradıcılığı sahələri üzrə) dərin bilicisi idi.

Maraqlı, cəsarətli və orijinal ideyaların müəllifi olmuş Tərlan Seyidov daim çalışırdı ki, gələcəyimizi əmanət etdiyimiz uşaqlar hərtərəfli bilik və bacarığa sahib olsunlar. Onun bu istiqamətdə atdığı vacib addımlardan biri də 1980-ci ildə təsis etdiyi BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası olub. Hər zaman yüksək fəaliyyəti ilə seçilmiş məktəb-studiya bu gün də T.Seyidovun qoyduğu ənənələri üzrə addımlayır.

Azərbaycan musiqi mədəniyyətinin inkişafı yolunda misilsiz rolu olmuş professor Tərlan Seyidovun əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq.

Xəbər lenti