Logo

DİM-dən buraxılış imtahanında qüsurlu olduğu iddia edilən test tapşırığı ilə bağlı AÇIQLAMA

06.03.2023 11:51 8008 baxış
IMG

5 mart 2023-cü il tarixində tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında riyaziyyat fənnindən bütün variantlar üzrə sual kitabçalarında 83 nömrəli test tapşırığı ilə bağlı müraciətlər müvafiq fənnin ekspertləri tərəfindən araşdırılıb.

Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, şagirdlərə təqdim olunan yazılı cavab tələb edən açıq tipli bu tapşırıq qüvvədə olan təhsil proqramı və dərsliklərdə yer alan və tapşırıqda yoxlanılması nəzərdə tutulan biliklər əsasında elmi-metodiki qaydalara uyğun şəkildə hazırlanan meyarlar əsasında qiymətləndirilə biləcək bir tapşırıqdır:

"Məlum olduğu kimi, yazılı tapşırıqlarda şagirdlərin verdiyi cavablar cavab vərəqində yer alır və yoxlama əsnasında onların bilikləri cavablandırma üsullarından, hesablama prosesinin mərhələlərindəki qeydlərindən, səhvlərindən asılı olaraq tam, üçdə iki, yarım, üçdə bir olmaqla müxtəlif səviyyələrdə qiymətləndirilir. 5 mart tarixində keçirilən imtahanda istifadə olunan və yazılı cavab tələb edən bütün tapşırıqların qiymətləndirmə meyarları da müvafiq prosedurlar başa çatandan sonra elan ediləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə DİM tərəfindən martın 5-də keçirilən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 83 nömrəli test tapşırığında xəta olması barədə məlumat yayılmışdı.

Mərcanə Əsədova

Xəbər lenti