Logo

Birinci Türkoloji qurultayın 97-ci ildönümünə həsr olunmuş elmi seminar keçirilib

04.03.2023 23:04 299 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasında  Birinci Türkoloji qurultayın 97-ci ildönümünə həsr olunmuş “I Türkoloji qurultayda dil məsələləri” mövzusunda elmi seminar keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, seminarı giriş sözü ilə açan professor Məhərrəm Məmmədli Birinci Türkoloji qurultayın türk dünyası tarixində əlamətdar olmasından, qurultayın keçirilməsini şərtləndirən səbəblərdən və burada müzakirə olunan məsələlərdən bəhs edib, məruzənin aktuallığını diqqətə çatdırıb.

Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Afaq Məmmədova qurultayın 100 illiyinə yaxınlaşdığımız ərəfədə bu tarixi hadisənin və burada qoyulan məsələlərin araşdırılmasının vacibliyindən, dövlət başçısı səviyyəsində qurultayın yubileylərinin qeyd olunmasının əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə qurultayın 80 və 90 illik yubileyləri ölkəmizdə təntənəli şəkildə qeyd olunub. Türkoloji aləmdəki hadisələrə daim xüsusi diqqət göstərən Bakı Dövlət Universiteti də həmin illərdə qurultayın 80 və 90 illik yubileylərinə həsr olunmuş elmi konfranslar keçirib.

Məruzəçi qurultayda iştirak edən görkəmli alimlərin və ziyalıların fəaliyyəti, həmçinin türkologiya üçün mühüm əhəmiyyət daşıyan problemlər ətrafında gedən müzakirələr haqqında geniş məlumat verib, bir çox məsələlərin bu gün də aktuallıq kəsb etdiyini vurğulayıb.

Sonra məruzəçiyə suallar ünvanlanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Kafedranın əməkdaşlarından Firuzə Ağayeva, İslam Vəliyev, Qızılgül Abdullayeva, Sevda Sadıqova, Qənbər Xanməmmədov, Ramil Bayramov, Pərvin Eyvazov və başqaları məruzədə səsləndirilən məsələlərlə bağlı fikirlərini bölüşüb, müəllifin çıxışını yüksək qiymətləndiriblər.

Seminar müzakirələrlə yekunlaşıb.

Xəbər lenti