"Bir neçə gün bundan əvvəl Biləsuvarda məktəbdə direktorla müəllim arasında baş vermiş qarşıdurma məktəblərə direktor təyinatına olduqca həssas yanaşılmasının vacib olduğunu bir daha göstərdi".
Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov bilfirib.
Onun sözlərinə görə, son insident mütləq ciddi araşdırılmalı, müvafiq tədbirlər görülməli və nəticəsi barədə cəmiyyətə də ətraflı məlumat verilməlidir:
"Əvvəlki müsahibələrimdə də bu məsələyə xüsusi toxunmuşdum. Direktorların təyinatı tam obyektiv, şəffaf, tapşırıqsız, ayrı-seçkiliyə yol verilmədən, ciddi araşdırmalar aparılaraq həyata keçirilməlidir. Bu cür xoşagəlməz hadisənin baş verdiyi məktəbdə hansı normal təhsil mühitindən söhbət gedə bilər? Son hadisə ağıllara belə bir sualı da gətirir: neçə məktəbimizdə bu düşüncə, tərbiyə və təfəkkürdə müəllim və direktor var? Həmin hadisə onu da göstərdi ki, bu prosesə yenidən baxılmalı, vəzifəyə uyğun olmayan direktorlarla bağlı obyektiv, ciddi əsaslandırılmış qərarlar qəbul edilməlidir. Əks halda belə xoşagəlməz halların tez-tez şahidi olacağıq".
Xatırladaq ki, ötən günlərdə Biləsuvar rayon İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbinin direktoru ilə riyaziyyat müəllimi arasında qalmaqal yaşanıb. Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsnin verdiyi açıqlamada bildirilib ki, baş verən hadisə araşdırılır, araşdırma bitdikdən sonra bununla bağlı mətbuata ətraflı məlumat veriləcək.
Mərcanə Əsədova
Həmçinin oxuyun: Məktəb direktoru ilə müəllim arasındakı münaqişə araşdırılır - VİDEO