Logo

"Əsrin faciəsi - Xocalı" mövzusunda tədbir keçirilib - FOTO

27.02.2023 11:16 398 baxış
IMG

Fevralın 24-də Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Əsrin faciəsi - Xocalı" mövzusunda tədbir keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADU-nun rektoru akademik Kamal Abdulla Xocalı soyqırımı haqqında məlumat verib, həmçinin Xocalı soyqırımına siyasi qiymətin verilməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib:

“Xocalı faciəsi təkcə Azərbaycan tarixinin deyil, həmçinin bəşər tarixinin ən dəhşətli faciələrindən biridir. Bu faciəyə siyasi qiymətin verilməsi də məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün də Heydər Əliyev irsinin ən layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Xocalı soyqırımına beynəlxalq hüquq normaları çərçivəsində qiymət verilib, dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır.” 

Tədbirin moderatoru, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli Xocalı faciəsinin baş verdiyi tarixi məqama nəzər salıb, faciənin o dövrün mövcud hakimiyyətinin hadisələrə biganə münasibətinin nəticəsi olduğunu bildirib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının baş müəllimi Ramin Quliyev “Xocalı faciəsindən doğan sarsıntının milli kimliyimizə təsiri”, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Xocalı soyqırımı hüquqi kontekstdə”, Regionşünaslıq kafedrasının baş müəllimi Sevinc Qurbanova isə “Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi”mövzularında çıxış ediblər.

Tədbirdə Xocalı faciəsi, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər və Prezident İlham Əliyevin çıxışlarından ibarət videoçarx nümayiş olunub.

Xəbər lenti