Logo

"Düzgün planlaşdırılmanın aparılmaması ali məktəblərə mənfi təsir edir"

26.02.2023 11:30 546 baxış
IMG

"Cari ildə ali təhsil müəssisələrinin bakalavr pilləsinə 60 min abituriyentin qəbulu proqnozlaşdırılır. Bundan əlavə, ali məktəblərə 2024-cü ildə 63 min, 2025-ci ildə 68 min və 2026-cı ildə isə 74 min tələbənin qəbul olacağı gözlənilir. Bizim orta məktəbləri 82-85 min şagird bitirir. Onların heç də hamısı ali məktəblərə qəbul imtahanlarında iştirak etmir".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, həmçinin orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə və xarici ölkələrin universitetlərinə qəbul olan şagirdlərimiz də var:

"Düzgün planlaşdırılma və proqnozlaşdırılmanın aparılmaması ali təhsil müəssisələrinə mənfi təsir göstərir. Belə ki, onlar tədris ili üçün müəyyən olunmuş plan yerlərini doldurmayanda iqtisadi zərər çəkirlər. Başqa bir məsələ isə 2011-ci ildə ali məktəblərin plan yerinin 30 min olması, 12 il sonra isə 60 min proqnozlaşdırılmasıdır. Bu 12 ildə nə qədər yeni universitet açılıb və ya nə qədər yeni universitet binaları tikilib ki, 100 faiz artımı qəbul edə bilirlər?"

Ekspert bildirib ki, hazırda universitetlərin ərazisi, infrastrukturu normativ hüquqi aktlara görə bu qədər tələbəni qəbul etməyə uyğun deyil:

"Bu qədər tələbəyə dərs deyəcək elmi dərəcəli müəllim kontingenti yoxdur. Bir vacib məqam var ki, I və IV ixtisas qrupları üzrə plan yerləri daha çox boş qalır. Hətta bu ixtisas qruplarında bəzi ixtisaslara 200 və daha aşağı balla dövlət sifarişi əsasında, yəni pulsuz qəbul olmaq olur. Düşünürəm ki, kəmiyyəti qaldırmaq hesabına keyfiyyəti aşağı salmaq olmaz".

Mərcanə Əsədova

Xəbər lenti