Logo

Xocalı soyqırımından 31 il ötür

26.02.2023 00:00 371 baxış
IMG

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.

“Tehsil.biz"in məlumatına görə, Xocalı soyqırımından 31 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə ozamankı Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 Fevral - Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.

Xəbər lenti