Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı Soyqırımı ilə bağlı tədbir keçirilib

24.02.2023 10:14 295 baxış
IMG

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 26 fevral Xocalı Soyqırımının 31-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Mərkəzin direktoru Qalib Nəbiyev çıxış edərək, Xocalı faciəsinin mənfur düşmənlərimiz tərəfindən xalqımıza qarşı törədilmiş kütləvi soyqırım hadisəsi, həmçinin, bütün bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət hadisəsi olduğunu vurğulayıb. O, həmçinin böyük qürur hissi ilə bildirib ki, Ali Baş Komandan İlham Əliyev artıq ordumuz canı, qanı bahasına torpaqlarımızı işğaldan azad etmişdir. Q. Nəbiyev qeyd edib ki, Vətən yolunda şəhid olmuş igidlərimizin xatirəsi xalqımız tərəfindən heç bir vaxt unudulmayacaq, hər zaman yaddaşlarda əbədi qalacaqdır.

Tədbir təşkilatçıları 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilərin Xankəndidə yerləşən 366-cı alayı tərəfindən törədilmiş qanlı Xocalı qətliamı haqqında tədbir iştirakçılarına ətraflı  məlumatlar veriblər. Onlar bildiriblər ki, Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olan Xocalı soyqırımından 31 il ötür.     

Həmçinin gənclərimizə tövsiyə edilib ki, xalqımıza qarşı törədilmiş bu faciənin qurbanlarının xatirəsini hər zaman yad etsinlər. Bizdən sonra gələn nəsillər də, özlərindən sonrakılara həmin tarixi hadisələr barədə həqiqətləri ötürsünlər və çatdırsınlar.

Daha sonra Mərkəzin tələbələri tərəfindən Xocalı soyqırımına aid bədii kompozisiya nümayiş olunub, Azərbaycan xalqının Zəfərinə həsr edilmiş şeirlər səslənib.

Tədbirin sonunda Xocalı soyqırımından bəhs edən video-çarxlar izlənilib.

Xəbər lenti