Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 8-ci sinif şagirdləri Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda olublar.
Bu barədə "Tehsil.biz"ə institudan məlumat verilib.
Bildirilib ki, institutun dəhlizlərindəki stendlərlə tanışlıqdan sonra akt zalında davam edən tədbirdə sözügedən müəssisənin baş direktoru, c.e.d. Zakir Eminov qonaqlara coğrafiya elmindəki yeniliklər və nailiyyətlər, coğrafiya elminin korifeyləri və s. haqqında söhbət açıb, şagirdlərə uğurlar arzulayıb.
İcraçı direktor v.i.e, c.ü.f.d., dosent Zaur İmrani məktəbliləri coğrafiya elminin sahələri, institut nəzdindəki laboratoriya və bölmələrin fəaliyyəti ilə tanış edib.
Sonra Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının Bəyimxanım Hüseynova, GİS mütəxəssisi Nazim Gəraylı, böyük elmi işçi, c.ü.f.d. Samirə Abuşova gənc alimlərin apardıqları elmi tədqiqatlar, müasir texnologiyalar vasitəsilə rəqəmsal xəritələrin tərtibi və s. haqqında şagirdlərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Sonda məktəbin coğrafiya müəllimi Tünzalə Məmmədova tədbirin təşkilatçılarına və institut rəhbərliyinə minnətdarlığını bildirib.