“Məktəblərdə dərs saatlarının dəyişdirilməsi məsələsi dəfələrlə gündəmə gətirilsə də, hamı tərəfindən birmənalı qarşılanmayıb".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov deyib.
Ekspert bildirib ki, dərslərin 08:00-da başlaması sovet təhsilindən qalma miras kimi dəyərləndirilib, səhər tezdən məktəbə getməyin azyaşlıların orqanizminə bir sıra mənfi təsirləri olduğu, o yaş kateqoriyasında olan uşaqların əksəriyyətinin çox erkən saatlarda dərslərin başlamasına görə diqqət dağınıqlığı kimi problemlər yaşadığı vurğulanıb:
"Dünya təcrübəsindən nümunələr gətirərək dərsə saat 10-11-dən sonra başlayan uşaqların digərləri ilə müqayisədə qat-qat daha çalışqan olmaları təsdiqini tapıb. Bir qrup mütəxəssis isə belə düşünür ki, bu məsələ nəzəri baxımdan deyilə bilər, amma bunu əsaslandırmaq lazımdır. Bütün bu fərqli və bir-birinə zidd fikirlərə baxmayaraq nazirliyin müvafiq əmri ilə təsdiq edilmiş əsasnaməyə görə, orta məktəbin pedaqoji şurası müəssisənin iş rejimində dəyişiklik edə bilər".
N.İsrafilov bildirib ki, təhsilin dövlət standartları olduğu kimi, reqlament standartları da olmalıdır:
“Elm və Təhsil Nazirliyi təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi son sözü də deməlidir. Ancaq bunu sözlə yox, konkret təlimatla verməlidir ki, dərslər 08:00-da, yoxsa 09:00-da başlasın”.