Fevralın 22-də Cəlil Məmmədquluzadənin Ev Muzeyində interakativ dərs keçirilib.
Bu barədə "Tehsil.biz"ə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, muzeyin bələdçisi Firəngiz Cəfərova tərəfindən aparılan və muxtar respublikada fəaliyyət göstərən 200-dən artıq ümumtəhsil müəssisəsi tərəfindən izlənilən dərsdə böyük dramaturqun həyat və yaradıcılığının müxtəlif məqamları, muzeydə sərgilənən eksponatlar haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Cəlil Məmmədquluzadə 1869-cu il fevral ayının 22-də Naxçıvan şəhərində anadan olub. Mirzə Cəlil əvvəlcə molla məktəbində oxuyub, sonra isə təhsilini üçsinifli Naxçıvan şəhər məktəbində davam etdirib. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatına tənqidi realist ədəbi cərəyanının bayraqdarı, ilk mənzum və alleqorik dram əsərinin müəllifi, ictimai satiranın yaradıcısı, “Molla Nəsrəddin” jurnalının naşiri və mollanəsrəddinçilərin ağsaqqalı kimi daxil olub.
Dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, Cəlil Məmmədquluzadənin Ev Muzeyi ümummilli lider Heydər Əliyevin “Azərbaycanın görkəmli dramaturqu və nasiri Cəlil Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək məqsədilə Naxçıvan şəhərində ev muzeyinin yaradılması” haqqında 1998-ci il 19 iyun tarixdə imzaladığı Sərəncamla yaradılıb, 1998-ci il 31 dekabrda fəaliyyətə başlayıb. Muzeyin 1999-cu il oktyabrın 13-də ulu öndərin iştirakı ilə açılış mərasimi keçirilib. 231 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda haliyədə 2 min 300-dən çox eksponat var. Onlardan 300-ü ekspozisiya zallarında nümayiş olunur.