Logo

ADU-da “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masa keçirilib - FOTO

20.02.2023 17:35 483 baxış
IMG

Fevralın 20-də Azərbaycan Dillər Universitetində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Beynəlxalq Ana dili gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masa keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Qeyd olunub ki, dəyirmi masa ADU-nun Türkiyə Araşdırmalar Mərkəzi və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Türkiyə Araşdırmalar Mərkəzinin müdiri, dosent Elçin İbrahimov Beynəlxalq Ana dili gününün təsis olunmasının tarixi barədə tədbir iştirakçılarına məlumat verib.

ADU-nun rektoru, akademik Kamal Abdulla Beynəlxalq Ana dili gününün qeyd olunmasının əhəmiyyətindən danışıb, Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə olan sevgisindən, bu istiqamətdə atdığı addımlardan bəhs edib: “Ulu öndər hələ Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi bir vaxtda rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış etməklə Azərbaycan dilinin əsas mənəvi varlıq kimi zəruri olduğunu önə çəkirdi. Bu tarixi hadisə olmaqla yanaşı, həm də doğma dilə olan isti münasibətin bariz təzahürü idi. Bu addım Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə olan sevgisinin və hörmətinin göstəricisi idi. Biz hökmən dilimizin saflığını qorumalı, onu kənar təsirlərdən uzaq tutmalıyıq. Bunu bizə Ulu öndər vəsiyyət edib, bunu bizə Prezident İlham Əliyev tövsiyə edib və Azərbaycan dilinin bundan sonrakı fəaliyyətinə hər birimiz öz doğma işimiz kimi baxmalıyıq. Bu gün keçirilən dəyirmi masanın əhəmiyyəti böyükdür. Tələbə və müəllimlərin bu kimi dəyirmi masalarda fəallığı təqdirəlayidir. Biz istərdik ki, bu dəyirmi masanın ab-havası auditoriyalarımıza da daxil olsun, orda da Azərbaycan dili ilə bağlı araşdırmalar aparılsın”.

AMEA-nın Nəsimi adına Dilçilik  İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova Beynəlxalq Ana dili günü ilə bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir:

“Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır”. 

Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini, dosent Gülarə Əmirova tədbirlə bağlı düşüncələrini bölüşüb. Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyəti nəticəsində bu gün Azərbaycan dili öz zənginliyi və saflığı baxımından seçilməkdədir. Gülarə Əmirova "Televiziya aparıcılarının nitqi və Azərbaycan dilinin düzgün tətbiqi məsələləri" adlı məruzə ilə çıxış edib. 

ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov dəyirmi masanın əhəmiyyətindən danışıb, Beynəlxalq Ana dili gününün qeyd olunmasının önəmi haqqında fikirlərini bölüşüb. Qeyd olunub ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.

Tədbir müzakirələrlə davam edib.

Xəbər lenti