Fevralın 20-də Azərbaycan-Fransız Universitetin (UFAZ) 135 bakalavr və 35 magistr məzununa Strasburq Universitetinin diplomları verilib.
UFAZ-dan "Tehsil.biz"ə bildirilib ki, diplom təqdimatı mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri xanım Anne Boillon və Strasburq Universitetinin prezidentini təmsil edən professor Pierre Collet iştirak ediblər.
Mərasimdə UFAZ-ın baş katibi Elizaveta Bydanova məzunları və qonaqları salamlayaraq, universitetin yüksək nəticə göstərən növbəti buraxılış məzunları ilə uğurların davam etdiyini vurğulayıb. Professor Babanlı məzunları təbrik edərək, bunun həm UFAZ, həm də bütövlükdə Azərbaycan üçün mühüm hadisə olduğunu qeyd edib. O, həmçinin qeyd edib ki, bu, UFAZ magistr məzunlarının ilk buraxılışıdır və bu universitet üçün əlamətdar nailiyyətdir.
Professor Collet Strasburq Universitetinin prezidenti Michel Deneken adından təbriklərini çatdıraraq, UFAZ tələbələrinin əməyini və fədakarlığını yüksək qiymətləndirib. O, UFAZ tələbələrinin Fransada keçirilən ActInSpace beynəlxalq hakatonunda qazandıqları qalibiyyəti xatırladıb, qalib komanda üzvlərinin qeyri-kompüter elmləri fakültəsi tələbələrindən ibarət olduğunu vurğulayıb.
Səfir Anne Boillon məzunları təbrik edərək, daha çox qadının mühəndislik təhsili almağa həvəsləndirilməsinin vacibliyini vurğulayıb. Elizaveta Bydanova əlavə edib ki, UFAZ tələbələrinin 35 %-i qadınlardır.
Tədbirdə həmçinin UFAZ-ın iki məzunu Səkinə Məmmədova və Orxan Qəhrəmanov UFAZ-da təhsil təcrübələrini və təəssüratlarını bölüşüblər.
UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov bütün tərəfdaşlara, xüsusilə Strasburq Universitetinin daimi və dəvət olunmuş professorlarına minnətdarlığını bildirib.
Qeyd edək ki, UFAZ-ın 135 bakalavr və 35 magistr məzununa Strasburq Universitetinin diplomları verilib.