Azərbaycan Tibb Universiteti tələbələrin beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil alması ilə yanaşı, həm də onların ictimai fəallığının artması üçün şərait yaradılmasına çalışır.
Tehsil.biz xəbər verir ki, bu fikir Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəylinin aktiv tələbələrlə görüşündə səslənib.
ATU-nun rektoru professor Gəray Gəraybəyli hər il fevral ayında universitet həyatına aktiv iştirak edən, universitetin sosial-ictimai proseslərində göstərdiyifəaliyyətləri ilə seçilən, davranışı, təhsili və fəaliyyəti ilə fərqlənməyi bacaran tələbələrin təltif olunmasının artıq ənənəyə çevrildiyini bildirib. G.Gəraybəyli qeyd edib ki, hər il fevral ayında qeyd olunan Gənclər Günü gənc nəslin ictimai həyatımızda rolunun artmasına kömək etmək, gənclərin potensiallarına diqqət çəkmək üçün bir imkandır: “Bu əlamətdar tarixi gün ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdi. Ulu Öndərin siyasətini davam etdirən cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün də gənclər siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm istiqamətlərindən biridir“.
Ölkəmizdə gənclərin inkişafına yönələn fəaliyyətlərdən söz açan rektor professor Gəray Gəraybəyli ATU-da son illər aparılan islahatlar və tətbiq edilən yeniliklər barədə də məlumat verərək ATU-nun diplomlarının digər ölkələrdə tanınması üçün atılan mühüm addımlardan danışıb. Azərbaycan səhiyyəsinin tarixində ilk dəfə olaraq Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR) tərəfindən beynəlxalq akkreditasiyadan keçdiyini, ikili diplom proqramlarının tətbiqinə başlanıldığını xatırladıb. Bundan əlavə, artıq 5 ildir ATU-da aparılan ki, tələbə dekanları var, onlar bizim şuralarda iştirak edir, qaldırılan məsələlərə tələbələrin səsi olaraq, fikirlərini bildirirlər. Mən çalışıram ki, universitetdə aparılan hər dəyişikliyi, siz tələbələrin təklifləri, istəkləri əsasında edim.
ATU-nun rektoru professor Gəray Gəraybəyli iki il öncə Azərbaycana möhtəşəm zəfəri yaşadan gənclərimizin hazırda Azərbaycanın aparıcı qüvvəsi olduğunu vurğulayaraq bir daha görüş iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıb. Sonda ATU-nun rektoru professor Gəray Gəraybəyli universitetin fəal tələbələrinə sertifikatlar təqdim edib.