Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2022/2023-cü tədris ilinin yaz semestrində pedaqoji təcrübə təşkil olunacaq.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, mayın 24-dək davam edəcək dərslərdə 4438 tələbə iştirak edəcək.
ADPU üzrə yeni tədris ilinin pedaqoji (istehsalat) təcrübəsi 14 həftə müddətində və çoxtərəfli müqavilələrə əsasən keçirilir. Pedaqoji təcrübə Elm və Təhsil Nazirliyinin tabeliyindəki 7 müəssisədə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 103 ümumtəhsil və 9 məktəbəqədər təhsil müəssisəsində, habelə 14 özəl müəssisədə, eyni zamanda, “Azerbaijan British College” Təhsil Kompleksində (ikitərəfli müqavilə əsasında) təşkil olunur. Sosial iş ixtisası üzrə təhsil alan 57 tələbədən 10-u Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzində, 47 nəfəri isə Gənclər və İdman Nazirliyinın tabeliyindəki Gənclər evlərində istehsalat təcrübəsində olacaq.
“Azerbaijan British College” Təhsil Kompleksində pedaqoji təcrübə keçəcək müxtəlif ixtisaslarda təhsil alan 10 tələbə bu yaxınlarda “British Council” tərəfindən keçirilən IELTS imtahanlarında nailiyyət əldə edərək müsabiqə yolu ilə həmin məktəbdə təcrübə keçmək şansı qazanıb.