Fevralın 16-da Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Gənclər Təşkilatının üzvləri arasında keçirilən “Mədəniyyətdən bir parça: Retro” adlı bilik yarışmasında Nazirliyin tabeli müəssisələrində fəaliyyət göstərən 30 gənc iştirak edib.
Tehsil.biz xəbər verir ki, yarış başlamadan əvvəl çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin aparıcı məsləhətçisi, Nazirliyin Gənclər təşkilatının sədri Elvin Əhmədov yarışın əhəmiyyətindən danışıb.
Vurğulanıb ki, əsası dahi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən qoyulan Azərbaycan peşəkar musiqi mədəniyyəti xəzinəsində ölümsüz və təkrarsız əsərlər yer alır. Bu gün reallaşan bilik yarışının təşkilində məqsəd bütün dövrlərdə sevilən və dinlənilən musiqiləri gənclər arasında təbliğ etmək, yaşadılmasını təmin etməkdir.
Sonra yarış başlanıb. İştirakçılar Emin Sabitoğlunun, Ələkbər Tağıyevin mahnı yaradıcılığı, Zeynəb Xanlarova, Yalçın Rzazadə, Rəşid Behbudov, Mübariz Tağıyev, Akif İslamzadə və başqa korifey sənətkarlar tərəfindən səsləndirilən əsərlərlə bağlı sualları cavablandırıblar.
Bilik yarışmasının sonunda “Alfa” komandası 1-ci, “Xarıbülbül” komandası 2-ci, “Melodiya” komandası 3-cü yerin sahibi olub. Qaliblər Nazirliyin diplomu ilə təltif olunub.