Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib.
Tehsil.biz xəbər verir ki, bu münasibətlə fevralın 15-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən iclasa sədrlik edən mədəniyyət nazirinin müavini Həsən Kərimov iclasın gündəliyində duran məsələlər barədə məlumat verib.
Həmkarlar İttifaqı Komitəsinin üzvü Kamran Quliyev tərəfindən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin sədrliyinə Nazirlik aparatının informasiya resurslarının idarə edilməsi üzrə aparıcı məsləhətçisi Təhməzli Anar İlqar oğlunun namizədliyi irəli sürülüb. Komitə üzvlərinin yekdil rəyi ilə Anar Təhməzli Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin sədri, Nazirlik aparatının kino və videofilmlərin nümayişinin qeydiyyatı üzrə məsləhətçisi İlkin Cabbarlı isə sədr müavini seçilib.
Sonra çıxış edən Dövlət və Bələdiyyə İdarələri İşçiləri Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Komitəsinin sədri Rövnəq Xəlilov yeni sədrə uğurlar arzulayaraq bildirib ki, nazirliyin Həmkarlar İttifaqı fəaliyyətini yeni əsaslar üzərində, sistemli şəkildə qurmalıdır. Əməkdaşların hüquqlarının müdafiəsi, əməyin və sağlamlığın mühafizəsi sahəsində fəallıq nümayiş etdirməlidir.