Logo

"Tələbələr var ki, maddi vəziyyətlə əlaqədar təhsillərini yarımçıq qoyurlar"

16.02.2023 19:27 560 baxış
IMG

"Universitetlərimizin vəziyyəti nə qədər başadüşülən olsa da, onlar üçün təhsil alanın maraqları digər maraqları üstələməməlidir".

Tehsil.biz xəbər verir ki, bunu təhsil üzrə mütəxəssis Nadir İsrafilov deyib.

Ekspert bildirib ki, təkcə ötən il qəbul imtahanlarında iştirak edib müsabiqə şərtini ödəyən 2355 nəfərin elektron qaydada müraciətlərini təsdiq etməmələri təhsilhaqqını birdəfəyə ödənilməsini tələb edən universitetlər üçün ciddi siqnal olmalıdı:

"Ali təhsilin hamı üçün əlçatanlığı təkcə hansısa bir qrup məzunun keçid balını toplayıb ali məktəbə qəbul olması ilə ölçülə bilməz. Bir halda ki, ali təhsilin hamı üçün əlçatanlığı kursunu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri ilə rəqabətə başlamışıq, neft kapitalını insan kapitalına çevirmək məqsədimiz var, bu halda əlçatanlığı təkcə kiminsə bal toplayıb ali məktəbə qəbul olması ilə ölçməməliyik. Burada əsas məsələ maddi problemi olan şəxslər üçün də təhsili əlçatan etməkdir. İldən-ilə minlərlə tələbə yüksək balla ali məktəbə qəbul olunduğu halda maddi problem səbəbi ilə tələbə adını qazanmaqdan imtina edir. Həmçinin oxuyanlar arasında da tələbələr var ki, maddi vəziyyətlə əlaqədar təhsillərini yarımçıq qoyurlar".

N.İsrafilov hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsilhaqqının ödənilməsi Qaydaları”na təhsilhaqqının hissə-hissə ödənilməsi ilə bağlı konkret maddə əlavə edilməlidir:

"Məlumdur ki, mövcud qaydalara əsasən Təhsil Tələbə Kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə bilirlər. Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər. Yəni birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar; digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar); illik təhsilhaqqı xərcinin ən azı 20 faizini ödəyənlər. Lakin baxaq görək dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilən bu kreditlər qaydalarda olan məhdudlayıcı şərtləri də nəzərə alsaq, bütün tələbələrin problemini həll edəcəkmi? Təhsil Tələbə Krediti Fondunun təhsil tələbə kreditlərinə müraciət zamanı yaranan problemlər və onların həll yolları araşdırılmalı, daha çox tələbənin TTK-dan yararlanması ilə əlaqədar müvafiq təkliflər irəli sürülməlidir".

Mərcanə Əsədova

Xəbər lenti